BİZNES

20 Noyabr

Mikro sahibkarlara vergi güzəşti: Gəlirin 75%-i 3 işçi tələbi olmadan azad ediləcək

Növbəti ildən illik dövriyyəsinin həcmi 45 min manatadək olan bir sıra xidmət sahələrində fəaliyyət göstərən mikro sahibkar fiziki şəxslər, əldə etdikləri gəlirlərinin 75 faizini hər hansı şərt tətbiq edilmədən (3 işçi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması tələbi) vergidən azad edəcəklər.

Fins.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Qeyd edilən xidmət sahələri aşağıdakılardır:

  • Proqram təminatının işlənməsi;
  • Layihə-dizayn və dekorasiya sahəsində xidmətlər;
  • Tərcümə xidmətləri;
  • Reklam xidmətləri;
  • Araşdırma və tədqiqat sahəsində fəaliyyət;
  • Elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;
  • Hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri;
  • Jurnalistlərin fəaliyyəti;
  • Bazar konyunkturunun öyrənilməsi;
  • Qiymətləndirmə fəaliyyəti;
  • Avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla sifarişlərin çatdırılması və kuryer xidməti;
  • Turizm bələdçiliyi;
  • İxrac xidməti.

Xatırladaq ki, bu ilin yanvarın 1-dən, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir vergisindən azad edilib.

Əlavə edək ki, təklif edilən güzəştlər yalnız fiziki şəxslərə aiddir, hüquqi şəxslər isə əvvəlki qaydada (yəni il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmamaq) şərtləri yerinə yetirdikdən sonra güzəştlərdən istifadə edə biləcəklər.

Bu Qanun qəbul edildikdən sonra 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Fuad Mədətov
Fins.az