Almaniya-Azərbaycan yüksək səviyyəli biznes dialoqu keçirilib.
Fins.az xəbər verir ki, tədbirdə Azərbaycan və Almaniya arasında bərpa olunan enerji sahəsində əməkdaşlığın inkişafı imkanları müzakirə olunub.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Almaniyanın Şərqi Biznes Assosiasiyasının təşkilatçılığı ilə COP29 çərçivəsində “Yaşıl transformasiya” mövzusunda Almaniya-Azərbaycan yüksək səviyyəli biznes dialoqu baş tutub. Tədbirdə hər iki tərəfdən bərpa olunan enerji, qida istehsalı və qablaşdırma, İKT və texnologiya xidmətləri, su idarəetmə texnologiyaları, avtomobil sənayesi həlləri və digər sektorlardan 40-a yaxın şirkət nümayəndələri iştirak edib.
Tədbirin açılışında çıxış edən AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycan-Almaniya iqtisadi-ticarət əlaqələri, o cümlədən alman şirkətlərinin ölkəmizdəki fəaliyyəti haqqında məlumat verib. Qeyd edilib ki, Almaniya nümayəndə heyətinin Azərbaycana fevral səfərindən sonra bir neçə alman şirkəti ilə uğurlu danışıqlar aparılıb və sənaye, “yaşıl” enerji, İKT sektorlarında razılaşmalar əldə olunub.
Almaniyanın Şərqi Biznes Assosiasiyasının idarəedici direktoru Mixael Harms iqtisadiyyatda yaşıl transformasiyanın əhəmiyyətini vurğulayaraq bildirib ki, ölkəmizin bərpa olunan enerji sahəsində potensialını və Almaniyanın bu istiqamətdə nailiyyətlərini nəzərə alaraq sözügedən sahədə birgə təşəbbüslərin reallaşdırılması geniş perspektivlər vəd edir.
Tədbirdə həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Almaniyanın Federal İqtisadi İşlər və İqlim Fəaliyyəti Nazirliyinin (BMWK) Sənaye siyasəti departamentinin rəhbəri Bit Baron çıxış edib.
Tədbir Azərbaycan və Almaniya arasında alternativ enerji sektorunda tərəfdaşlığın genişləndirilməsi imkanları mövzusunda müzakirələrlə davam edib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.