BİZNES

07 Noyabr

TDT ölkələrinə yatırılan xarici birbaşa investisiyaların həcmi açıqlanıb

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrə 2023-cü ildə 24 milyard ABŞ dolları məbləğində Xarici Birbaşa İnvestisiya (XBİ) yatırılıb.

Fins.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova bildirib.

Onun sözlərinə görə, bu rəqəm 2022-ci illə müqayisədə 15 % azdır.

"TDT ölkələrinə XBİ həcmini artırmaq üçün regionda sərmayə mühitinin və iqtisadi infrastrukturun yaxşılaşdırılması sahəsində fəaliyyətlərin gücləndirilməsi vacibdir. XBİ cəlb etmək və daha güclü iqtisadi əlaqələr qurmaq üçün Türk İnvestisiya Fondunun rolunun artırılması və özəl sektorun dəstəklənməsi böyük önəm kəsb edir. Bu, həmçinin iqtisadiyyatların şaxələndirilməsi və dayanıqlı iqtisadi inkişaf üçün əhəmiyyətlidir," - deyə V.Cəfərova qeyd edib.

TDAM rəhbəri vurğulayıb ki, Türk dünyasında iqtisadi artım, xüsusilə qeyri-neft sektoru və ticarət sahəsindəki inkişafla güclənib: "2023-cü ildə TDT ölkələrinin xarici ticarət dövriyyəsi 4,3 % artaraq 1,48 trilyon ABŞ dollarına çatıb. Bu artım, TDT ölkələrinin ticarət əlaqələrinin genişlənməsi və ölkələr arasında qarşılıqlı ticarətin artması ilə əlaqədardır."

O əlavə edib ki, TDT ölkələri arasında ticarət həcmi 2022-ci ildə 30,9 milyard ABŞ dollarından 2023-cü ildə 38,3 milyard ABŞ dollarına yüksəlib ki, bu da 24 %-lik artıma işarə edir.

"2024-cü ildə isə TDT ölkələri arasında qarşılıqlı ticarət həcminin 45 milyard ABŞ dollarını keçməsi gözlənilir. Bu müsbət dinamika, Türk dünyasının iqtisadi inteqrasiyasının gücləndiyini və üzv ölkələrin hərtərəfli əməkdaşlığa marağını göstərir," - deyə V.Cəfərova qeyd edib.