BİZNES

01 Noyabr

Ticarət İnformasiya Portalının yaradılması üçün 972 min manat ayrıldı

Azərbaycanda Ticarət İnformasiya Portalının yaradılması və əlaqədar xidmətlərin satın alınmasının ehtimal olunan qiyməti 972 min 910 manat təşkil edir.

Fins.az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bu, İqtisadiyyat Nazirliyinə məxsus “Tikinti-Təchizat Birliyi” MMC-nin elan etdiyi satınalma şərtlərində öz əksini tapıb.

Tender şərtlərinə əsasən, görüləcək işlər arasında ixrac edən ölkə, hədəf ölkə və məhsula görə axtarış sisteminin yaradılması, bazarlar, rəqiblər və məhsullar üzrə müqayisə alətlərinin işlənib hazırlanması, filtrasiya imkanı ilə statistikanın əks etdirilməsi üçün interfeysin yaradılması, statistik məlumatların ixracı funksionallığının reallaşdırılması, ən az 50,000 məhsul haqqında məlumatın saxlanması üçün verilənlər bazasının yaradılması və digər xidmətlər daxildir.

Təchizatçılar tenderdə iştirak üçün 25 manat istifadə haqqı və 450 manat iştirak haqqı ödəməlidirlər. İştirak haqqı, təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, geri qaytarılmır, istifadə haqqı isə heç bir halda geri qaytarılmır.

Təkliflər noyabrın 26-sı saat 17:30-a qədər təqdim edilməlidir, zərflər isə həmin gün eyni saatda açılacaq.

Fuad Mədətov
Fins.az