Fins.az - Fransız neft şirkəti TotalEnergies, "Novatek" ilə birgə həyata keçirdiyi layihələrdən əldə etdiyi $1,5-2 milyard dəyərindəki dividendini Rusiyadan çıxarmaqda çətinlik çəkir.
Bu barədə şirkətin baş direktoru Patrik Puyan məlumat verib. Onun sözlərinə görə, əvvəllər şirkət müəyyən vəsaitləri Rusiyadan transfer edə bilirdisə, bu gün Qərb sanksiyaları səbəbindən demək olar ki, heç bir pul daxil olmur.
TotalEnergies, "Novatek"ın 19,4% səhmlərinə sahibdir. Lakin, Rusiyanın sanksiyalara məruz qalan milyarderi Gennadiy Timçenko, şirkətin bu səhmləri satmasına icazə vermir, çünki onun prioritet alma hüququ var. Şirkət, eyni zamanda, Rusiyanın ən böyük LNG ixrac layihəsi olan "Yamal LNG"də də 20%-lik paya malikdir, hansı ki, bu layihənin nəzarəti "Novatek"ın əlindədir.
Puyan, "Novatek"dan gələn dividendin ildə təxminən 600 milyon dollar olduğunu qeyd edib və bu məblğanın əksər hissəsinin "Novatek"ın hesablarında qaldığını vurğulayıb. "Bu, təxminən 1 milyard dollar edir", — deyə o əlavə edib. Eyni zamanda, "Yamal LNG"dən gələn dividendin daha 500 milyon dollar olması gözlənilir. Beləliklə, ilin sonuna qədər TotalEnergies-in 1,5-2 milyard dollar arasında nağd dividendinin sıxışıb qalacağı proqnozlaşdırılır.
Bundan başqa, TotalEnergies artıq öz rus aktivlərini maliyyə hesabatlarına daxil etmir, bu da şirkətin Rusiyadakı fəaliyyətinin ciddi şəkildə azaldığını göstərir. Şirkətin bu çətinlikləri, Qərb sanksiyalarının Rusiyaya təsirinin daha da dərinləşdiyini nümayiş etdirir.