"Şirvan Şərabları" ASC, yol hərəkəti qaydalarını pozduğu üçün (nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin verilməsi, sürücülük vəsiqəsinin alınması və cərimənin ödənilməsi qaydalarının pozulması) inzibati məsuliyyətə cəlb edilib.
Fins.az-ın verdiyi məlumata görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə protokol tərtib edilib.
İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinə əsasən, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etdikdə və ya dövlət qeydiyyatından keçmiş nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqları ilə bağlı müqavilə (notarius tərəfindən təsdiq edilməmiş müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə, onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması öhdəliyinə riayət etməməyə, həmçinin nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə fiziki şəxslər əlli manat, vəzifəli şəxslər yüz manat, hüquqi şəxslər isə üç yüz manat məbləğində cərimə edilirlər.
Maddənin 339.1-1 bəndinə görə, nəqliyyat vasitəsini "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə də əlli manat cərimə tətbiq edilir.
Məsələ Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun icraatındadır.
Fuad Mədətov
Fins.az