BİZNES

09 Oktyabr

“Qİİ-2024” hesabatı: Növbəti addımlar müzakirə olunub

Oktyabrın 8-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın nin rəhbərlik etdiyi “Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclası keçirilib. İclasda Komissiya Katibliyinin rəhbərliyi, işçi qrupun rəhbəri və üzvləri, özəl sektor iştirakçıları və media nümayəndələri iştirak ediblər.

Fins.az xəbər verir ki, özügedən iclasda “Texnologiya və innovasiyalar” işçi qrupunun cari il ərzində fəaliyyəti, eyni zamanda 26 sentyabr tarixində dərc edilmiş “2024-cü il üzrə Qlobal İnnovasiya İndeksi”nin (Qİİ-2024) nəticələri ətraflı şəkildə müzakirə olunub.

Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış çıxışı edərək ölkənin Qlobal İnnovasiya İndeksindəki göstəricilərinin yaxşılaşdırılmasında işçi qrupun fəaliyyətinin mühüm rol oynadığını qeyd edib. Bu istiqamətdə həm işçi qrup daxilində, həm də digər qrup və altqruplarla əməkdaşlığın və kommunikasiyanın davamlılığının vacibliyini vurğulayıb.

İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bildirib ki, cari il üzrə icra müddətləri yaxınlaşan və ya bitən tədbirlərin statusları barədə işçi qrupu çərçivəsində kommunikasiya davamlı aparılıb. Bunun nəticəsi olaraq “Qİİ-2023” hesabatında qiymətləndirilməsi mümkün olmayan 6 alt indikator üzrə məlumatlar müəyyən edilib və “Qİİ-2024” hesabatında dərc olunub.

Samir Məmmədov işçi qrupun iclasında dövlət qurumlarının və özəl sektor nümayəndələrinin iştirakının növbəti aylar üzrə hədəflərin müəyyənləşdirilməsinə töhfə verdiyini vurğulayıb.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, dövlət qurumlarının nümayəndələri tərəfindən 2024-cü ilin 9 ayı ərzində görülmüş işlərin hesabatları və növbəti rüb qarşıya qoyulmuş hədəflər, həmçinin “Qİİ-2024” hesabatının aidiyyəti alt indikatorları müzakirə edilib.

İclasda səsləndirilmiş fikirlər əsasında işçi qrupu tərəfindən müvafiq təkliflər verilib və qərarlar qəbul olunub.

Məlumat üçün qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” işçi qrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir (//azranking.az/az/working-groups).

Zemfira Ms
Fins.az