BİZNES

07 Oktyabr

Sement İstehsalçıları Assosiasiyasının “Xalis Sıfır Yol Xəritəsi” nəzərdən keçirilib

Ötən ay Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının (ASİA) “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünün 3-cü seminarı təşkil olunub. 2 günlük seminarda “Xalis Sıfır Yol Xəritəsi”nin yekun hesabatı müzakirə edilib.

Fins.az xəbər verir ki, müzakirələrdə assosiasiya üzvlərinə maraqlı tərəflər – Azərbaycanın beton sənayesinin iştirakçıları, inşaat şirkətlərinin, dövlət qurumlarının, eləcə də qeyri-hökümət təşkilatlarının nümayəndələri qoşulublar.

“Xalis Sıfır Yol Xəritəsi”nin yekun hesabatının müzakirəsində sement və beton sektorunda bütün dəyər zənciri boyunca karbon emissiyalarının azaldılmasını nəzərdə tutan istiqamətlər yer alıb. Hesabatın təqdimatında sement istehsalında karbon emissiyalarının mühüm hissəsini təşkil edən klinker faktorunun aşağı salınması, eləcə də, alternativ yanacaqdan istifadə, səmərəli inşaat dizaynının təşkili və karbonun tutulmasından danışılıb. Qeyd olunanlarla yanaşı, karbon emissiyalarına dair müvafiq qanunvericiliyin və tənzimləmələrin müzakirəsi də aparılıb.

Yol xəritəsinin yekunlaşdırılması və təsdiqlənməsi ilə Azərbaycanın sement və beton sənayesinin 2050-ci ilədək xalis sıfır emissiyaya doğru yolu müəyyənləşəcək.

Qeyd edək ki, “Xalis Sıfır Yol Xəritəsi”nin hazırlanması zamanı assosiasiya üzvləri tərəfindən dövlət siyasəti nəzərə alınmaqla, Qlobal Sement və Beton Assosiasiyasının (GCCA) və Avropa Sement Tədqiqatı Akademiyasının (ECRA) elmi-praktik təcrübələrindən istifadə olunur.

Xəritənin yekun hesabatı COP29 zamanı ictimaiyyətə təqdim olunacaq.

 

Zemfira Ms
Fins.az