Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA KYC rəqəmsal həlli “Push30” mobil tətbiqinə inteqrasiya olunub.
Fins.az xəbər verir ki, artıq “Push30” istifadəçiləri SİMA KYC vasitəsilə öz hesablarından daha etibarlı şəkildə istifadə edə biləcəklər. Belə ki, istifadəçi xidmət məntəqəsinə (idman zalı, üzgüçülük mərkəzi, pilates salonu və s.) daxil olmazdan əvvəl onun identifikasiyası (üztanıma testi) aparılacaq. Üztanıma testi sayəsində şəxsin həqiqətən də “Push 30” istifadəçisi olub-olmadığı müəyyən ediləcək. Üz cizgiləri hesab sahibinin siması ilə üst-üstə düşməyən şəxslərin məntəqəyə girişinə icazə verilməyəcək.
Qeyd edək ki, inteqrasiyanın məqsədi “Push30” hesablarının başqaları tərəfindən ələ keçirilməsinin qarşısını almaq, eləcə də müştəri məmnuniyyətini təmin etməkdir.
SİMA KYC qurumlar və istifadəçilər arasında rəqəmsal körpü rolunu oynamaqla şəxsin identifikasiyasını real vaxt rejimində əldə etmək imkanı yaradır. Bu həll vətəndaşın şəxsiyyətini təsdiqləmək üçün lazım olan bütün proseslərdə tətbiq oluna bilər. SİMA KYC ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Fuad Mədətov
Fins.az