BİZNES

01 Oktyabr

İİTKM əməkdaşları Almaniyada təcrübə keçiblər

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri Almaniya Federativ Respublikasına səfər ediblər. Mərkəzin icraçı direktorunun müşaviri Təranə Salıfova və İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva Almaniya Federal Statistika İdarəsində (Statistisches Bundesamt) olublar.

Fins.az xəbər verir ki, səfərin məqsədi rəsmi statistikanın aparılması sahəsində beynəlxalq təcrübəni və müasir metodologiyaları öyrənmək olub. Görüşlər zamanı rəsmi statistik məlumatların keyfiyyəti və tədqiqat strategiyalarına dair geniş təqdimatlar dinlənilib. Özəl sahibkarlarla bağlı məlumatların mənbələri, bu məlumatların əlçatanlığı və müqayisəsi haqqında müzakirələr aparılıb.

Eyni zamanda, elmi tədqiqatlar üçün kiçikhəcmli məlumatların istifadəsini təmin edən tədqiqat mərkəzinin fəaliyyəti ilə tanışlıq baş tutub. Burada mikroməlumatların toplanması, emalı və tədqiqatçılar üçün əlçatanlığının təmin edilməsi kimi mövzulara toxunulub. İştirakçılar sorğu alətlərinin test edilməsi prosesini izləyərək rəsmi statistikada keyfiyyətin artırılması yolları ilə bağlı fikir mübadiləsi aparıblar. Burada yeni rəqəmsal məlumatların rəsmi statistikada tətbiqi, eləcə də kiçik və orta müəssisələr üçün statistik məlumatların toplanması və təhlili kimi müasir məsələlər də müzakirə mövzusu olub.

İİTKM-in nümayəndə heyəti Manheym Universitetində “DT4SME” (Rəqəmsal Transformasiya Kiçik və Orta Müəssisələr üçün) layihəsi çərçivəsində keçirilən görüşdə də iştirak ediblər. Təqdimatlar zamanı rəqəmsal transformasiyanın kiçik və orta müəssisələrin inkişafına təsiri və innovasiya strategiyaları müzakirə edilib. Manheym Universiteti və “İnstitut für Mittelstandsforschung” təşkilatçılığı ilə  keçirilən görüşdə İİTKM nümayəndələri də təqdimatlarla çıxış edərək rəqəmsal transformasiyanın ölkəmizdə kiçik və orta müəssisələrə inteqrasiyası ilə bağlı yerli təcrübəni bölüşüblər.

Bundan əlavə, iştirakçılar “Experience Lab” və “MAFINEX” kimi qabaqcıl texnologiyalara əsaslanan iş mühitləri ilə tanış olublar və elmi tədqiqatların biznes modellərinə tətbiqi üzrə təcrübə mübadiləsi aparıblar. Tədbirdə kiçik və orta müəssisələr üçün siyasət planları və rəqəmsal innovasiyaların tətbiqi üzrə yeni strategiyalar müzakirə edilib.

Zemfira Ms
Fins.az