BİZNES

01 Oktyabr

Bu şirkət valyuta tənzimi qaydalarını pozub

“Gerlift Group” MMC, Mərkəzi Bank tərəfindən valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələnib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən cərimə protokolu tərtib edilib. Bu maddəyə görə, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması cəzalandırılır.

Şirkət, xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb, lakin heç bir xidmət almayaraq, həmin valyutanı geri qaytarmayıb. Protokol daha sonra Nəsimi Rayon Məhkəməsinə göndərilib. Hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında qərar qəbul edilib və şirkətə inzibati tənbeh tətbiq edilib.

Valyuta tənzimi qaydalarını pozan vəzifəli şəxslər, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 10-20 faizindən, hüquqi şəxslər isə 20-30 faizindən cərimə edilirlər.

“Gerlift Group” MMC 2012-ci ildən fəaliyyət göstərir və 22 min manat nizamnamə kapitalına malikdir. Şirkətin qanuni təmsilçisi və direktoru Tural Nəcəfovdur. T.Nəcəfov, eyni zamanda, sabiq deputat Hacı Salayevə qarşı 157 min manat dələduzluq etməkdə təqsirli bilinmişdir. O, eks-deputatın evinə Almaniya istehsalı liftin sifarişi üçün 157 min 916 manatlıq müqavilə imzalamış, lakin öhdəliyini yerinə yetirməyərək pulunu ələ keçirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 7 il müddətinə azadlıqdan məhrum edilib.