BİZNES

25 Sentyabr

Nyu-Yorkda keçirilən “Gələcəyin sammiti”: Qlobal beyinlər Bakıda görüşəcək - İİTKM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı BMT-nin Nyu-Yorkda keçirilən “Gələcəyin sammiti”ndə iştirakı çərçivəsində  Asiya İnkişaf Bankı İnstitutunun (AİBİ) icraçı direktoru Tetsuşi Sonobe, onun müşaviri Nikolas Buşoud və təşkilatın media və əməkdaşlıq üzrə məsləhətçisi Kaori Hitomi ilə birgə cari ilin noyabr ayının 12-də COP29 çərçivəsində Bakıda keçirilməsi planlaşdırılan Qlobal Beyin Mərkəzləri Forumunun təşkilati məsələlərini müzakirə edib.

Fins.az xəbər verir ki, “Qlobal Yaşıl İqtisadiyyat: Maliyyələşdirmə, İnnovasiya və İqlim Fəaliyyəti” başlığı ilə keçiriləcək forumun əsas məqsədi hökumət nümayəndələrini, alimləri, özəl sektor təmsilçilərini, QHT-lər və digər maraqlı tərəfləri bir yerə toplayaraq iqlim dəyişikliyi ilə bağlı vacib məsələləri müzakirə etməkdir. AİBİ ilə birgə təşkil ediləcək Forumda T20 şəbəkəsinə daxil olan və qlobal miqyasda ən nüfuzlu beyin mərkəzlərinin iştirakı planlaşdırılır. Forum ölkələr arasında dialoqu təşviq etməklə iqlim dəyişikliyinin təsirlərini daha dərindən anlamağı və Paris Sazişinin icrasına yönəlmiş tədbirləri sürətləndirməyi qarşıya hədəf qoyur.

Forumun missiyası ölkələr və təşkilatlar arasında təcrübə mübadiləsi və əməkdaşlığı gücləndirərək iqlimlə bağlı fəaliyyətə vahid yanaşmanı müəyyənləşdirmək, aşağı karbonlu iqtisadiyyata keçidi sürətləndirmək üçün innovativ texnologiyalar və təcrübələrin təşviqi, şəffaflıq və hesabatlılığın artırılması ilə maraqlı tərəflər arasında etimadın qurulmasını təmin etməkdir.

Forumda aşağıdakı mövzuların müzakirəsi nəzərdə tutulur:

  • iqlim dəyişikliyi, ədalətli keçid və beyin mərkəzlərinin rolu üzrə beynəlxalq sazişlər;
  • təmiz enerji və kritik minerallara keçid;
  • iqlim dəyişikliyinə adaptasiya və maliyyə məsələləri;
  • iqlim dəyişikliyi təsirlərinin azaldılması, adaptasiyada innovasiyalar və əməkdaşlıq;
  • iqlim dəyişikliyi və maraqlı tərəflərin korporativ sosial məsuliyyəti.

Qlobal Beyin Mərkəzləri Forumu COP29 çərçivəsində həyata keçirilən mühüm tədbirlərdən biri olaraq iqlim dəyişikliyi ilə mübarizədə geniş auditoriyanı bir yerə toplayacaq. Forumun təşkil olunması Azərbaycanın COP29 çərçivəsində qlobal arenada nüfuzunun artırılmasına və beynəlxalq səviyyədə beyin mərkəzləri şəbəkəsi daxilində ölkənin strateji mövqeyinin gücləndirilməsinə əhəmiyyətli töhfə verəcək.

Zemfira Ms
Fins.az