Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC 17-20 sentyabr tarixlərində Özbəkistanda keçirilən “İKT Həftəsi” (ICT Week 2024) tədbirində stendlə çıxış edib.
Fins.az xəbər verir ki, 20-yə yaxın ölkənin təmsil olunduğu tədbirin sərgi hissəsində “AzInTelecom” əməkdaşları tərəfindən şirkətin məhsul və xidmətləri barədə iştirakçılara məlumat verilib, potensial əməkdaşlıq imkanları müzakirə olunub.
Tədbirin ilk günündə “AzInTelecom”un stendini ziyarət edənlər arasında Özbəkistan Respublikasının rəqəmsal texnologiyalar naziri Şerzod Şermatov da olub. Ziyarət zamanı nazirə “AzInTelecom”un əsas rəqəmsal məhsullarından olan “SİMA İmza” haqqında məlumat verilib. Şerzod Şermatov “SİMA İmza”nın biometriya funksionallığını maraqla qarşılayıb.
Tədbirin üçüncü günündə “AzInTelecom”un nümayəndə heyəti Özbəkistanda elektron imzalar üzrə məsul qurum olan Yeni Texnologiyalar Mərkəzində olublar. Mərkəzin rəhbərliyi ilə görüşən “AzInTelecom” əməkdaşları Özbəkistanda elektron imza sahəsinin inkişafı üçün “SİMA İmza”nın imkanlarından istifadənin mümkünlüyünü vurğulayıblar. Mərkəzin direktoru Şərifjon Kayumov SİMA-nın imkanlarını yüksək qiymətləndirib və daha geniş müzakirələr üçün Bakıya səfər edə biləcəklərini qeyd edib.
Məlumat üçün bildirək ki, “Özbəkistan İKT Həftəsi” informasiya və kommunikasiya texnologiyaları sahəsində Mərkəzi Asiya və ətraf regionlardakı İT şirkətlərini bir araya toplayan qlobal tədbir hesab olunur. Tədbirin gedişində sərgilər və seminarlar təşkil olunub, ekspertlər çıxış edib, şirkətlər öz texnoloji məhsullarını nümayiş etdiriblər.
Zemfira Ms
Fins.az