Telegram’ın qurucusu və ümumi icraçı direktoru (CEO) Pavel Durov, xidmət şərtlərini pozan istifadəçilərin IP ünvanları və telefon nömrələrinin hüquq-mühafizə orqanlarına təqdim edilə biləcəyini açıqlayıb.
Fins.az xəbər verir ki, Durov, Telegram platformasının açıq kanallar və botlar təqdim etdiyini, lakin bu xüsusiyyətlərin qanunsuz fəaliyyətlər üçün sui-istifadə edildiyini bildirib.
Yeni tədbirlər, Telegram’ın məxfilik siyasətində dəyişiklik edilərək tətbiq olunacaq. Bu dəyişikliklər, qanunsuz məzmunların yayılmasını və platformanın sui-istifadə edilməsinin qarşısını almağı məqsəd qoyur. Durov, "pis niyyətli şəxslərin platformanı öz məqsədləri üçün istifadə etməsinə icazə verilməyəcəyini" vurğulayıb.
Durov, 24 avqustda Parisdə saxlanıldı, lakin 28 avqustda 5 milyon avro zəmanət və hüquqi nəzarət şərti ilə azadlığa buraxıldı. O, sosial mediada, prosesi "şok edici" olaraq qiymətləndirərək, smartfon dövründən əvvəlki qanunların tətbiqini tənqid edib. Durov, Avropa İttifaqının tələblərinə hər zaman uyğun cavab verdiklərini əlavə edib.