Bəzi hallarda xaricə səfər etmək üçün vizaların alınması, məhkəmə prosesləri və digər sosial məsələlərlə bağlı ölkə üzrə fiziki və hüquqi şəxslərin adına daşınmaz əmlakın mövcudluğu barədə arayışın təqdim olunması tələb olunur. Bu arayış İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həm elektron, həm də kağız formasında təqdim edilir.
Mülkiyyətində olan daşınmaz əmlak barədə arayışı əldə etmək üçün fiziki şəxslərdən şəxsiyyət vəsiqəsi, doğum haqqında və əgər mövcuddursa nikah haqqında şəhadətnamə, hüquqi şəxslərdən isə notarial qaydada və ya hüquqi şəxs tərəfindən təsdiq olunmuş etibarnamə, hüquqi şəxsin qeydiyyat şəhadətnaməsinin skan edilmiş versiyası tələb olunur.
Fins.az xəbər verir ki, arayışı kağız formasında əldə etmək istəyən şəxslər tələb olunan sənədlərlə ASAN Xidmət mərkəzlərinə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin yerli ərazi idarələrinə müraciət edə bilərlər.
Xidmətdən onlayn formada istifadə etmək üçün ”www.e-emlak.gov.az” Elektron Xidmətlər Portalına daxil olaraq “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” elektron xidmətinə keçid olunur. Açılan pəncərədə məlumatlarını qeyd etməklə şəxsi kabinetinə daxil olub arayışın əldə edilməsi üçün müraciət göndərməlidir. Qeyd edək ki, elektron xidmətdən istifadə etmək üçün müraciət edən şəxslərə videotəlimat (//www.youtube.com/watch?v=fSXJgD4lTzc ) təqdim olunub.
Arayış 15 iş günü ərzində hazırlanır və müraciət edən şəxsin kabinetinə yerləşdirilir. Xidmətin göstərilməsi üçün Tarif (Qiymət) Şurasının “Daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 31 iyul 2023-cü il tarixli qərarına əsasən xidmət haqqı müəyyən olunub.
İstifadəçi xidmət haqqının məbləğini daşınmaz əmlakın sayını qeyd etməklə “Əmlak Kalkulyatoru” (//e-emlak.gov.az/Calculator/) vasitəsilə əvvəlcədən hesablaya bilərlər.
Zemfira Ms
Fins.az