BİZNES

16 Sentyabr

Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib - İN

Pakistanla qarşılıqlı investisiya qoyuluşlarının intensivləşdirilməsi və ticarət dövriyyəsi həcminin artırılması barədə müzakirələr aparılıb.

Fins.az xəbər verir ki, Pakistan nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycanla Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun növbəti iclası keçirilib.

İqtisadiyyat nazirinin müavini, Birgə İşçi Qrupunun həmsədri Səməd Bəşirli Azərbaycan və Pakistan arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, Pakistan şirkətlərinin ölkəmizdə uğurlu fəaliyyətinə diqqət çəkib. Bildirilib ki, iki ölkə arasında imzalanmış Preferensial Ticarət Sazişi gələcəkdə ticarət dövriyyəsinin həcminin artırılması və səmərəli iqtisadi əlaqələrin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Pakistan iş adamları Azərbaycanın işğaldan azad edilmiş ərazilərində və sənaye parklarında yaradılmış əlverişli imkanlardan yararlanmağa, kənd təsərrüfatı, yüngül sənaye, turizm və s. sahələrə investisiya yatırmağa dəvət edilib.

Pakistanın Ticarət Nazirliyinin katibi, Birgə İşçi Qrupunun həmsədri Camal Paul ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini vurğulayıb, tərəfdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşüb. Qeyd edilib ki, ölkələrimiz ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrdə əməkdaşlığı daha da dərinləşdirir.

İclasda əməkdaşlıq istiqamətləri üzrə bir sıra təkliflər irəli sürülüb, qarşılıqlı investisiya qoyuluşlarının intensivləşdirilməsi və ticarət dövriyyəsi həcminin artırılması üçün təkliflər səsləndirilib. Ticarət sahəsində müqavilə-hüquq bazasının genişləndirilməsi, tekstil, turizm və enerji sektorunda sərmayələrin yatırılması, habelə kiçik və orta biznes dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib. 

Sonda Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun 4-cü iclasının yekun Protokolu imzalanıb.


Zemfira Ms
Fins.az