BİZNES

11 Sentyabr

Azərbaycan "Astara-Bakı-Həştərxan" konteyner qatarının işə salınmasını nəzərdən keçirir

Azərbaycan “Astara (İran)-Bakı (Azərbaycan)-Həştərxan (Rusiya)” konteyner qatarının işə salınması imkanlarını nəzərdən keçirir.

Fins.az xəbər verir ki, bu barədə TASS-a Həştərxan vilayətinin Xarici Əlaqələr Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, Azərbaycanla Həştərxan vilayəti arasında əsas yük axını dəmir yolu vasitəsilə həyata keçirilir və bu, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin qərb qolu vasitəsilə həyata keçirilir. Bu istiqamətdə Rusiyaya Azərbaycandan mallar, həmçinin İran, Türkiyə və Hindistandan tranzit yüklər daşınır.

Məlumata əsasən, Azərbaycan tərəfi hazırda Kutum stansiyasında yerləşən Həştərxan dəmir yolu qovşağının infrastrukturundan istifadə etməklə Astara-Bakı-Həştərxan marşrutu üzrə konteyner qatarının işə salınması imkanlarını nəzərdən keçirir. Layihənin “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) iştirakı ilə həyata keçirilməsi planlaşdırılır. ADY-nin nümayəndələri artıq Həştərxana səfər edərək əməkdaşlıq perspektivlərini müsbət qiymətləndiriblər.

Bundan əlavə, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Transxəzər hissəsi vasitəsilə yük daşımalarının artırılması istiqamətində fəal işlər aparılır. Həştərxan vilayətinin Xarici Əlaqələr Nazirliyi gözləyir ki, Xəzər klasterində güclərin istismarı, xüsusilə liman infrastrukturunun və konteyner qovşağının istifadəyə verilməsi ilə Azərbaycanla dəniz yük daşımalarının aktuallığı artacaq.

Xatırladaq ki, 2024-cü ilin may ayında Həştərxan vilayəti ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın inkişafı üzrə 2024-2026-cı illər üçün proqram imzalanıb. Bu sənəd Həştərxan logistika qovşaqları vasitəsilə Azərbaycandan Rusiyaya və əks istiqamətdə yükdaşımaların inkişafı, qarşılıqlı işgüzar missiyalarda iştirak, sərgilərdə, mədəniyyət, təhsil, gənclər və idman tədbirlərində iştirakı nəzərdə tutur.

Fuad Mədətov
Fins.az