Sentyabrın 9-da Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu" mövzusunda konfrans keçirilib.
Konfransda Dünya İqlim Fondunun icraçı direktoru Yens Nilson çıxış edib. Bu barədə Dünya İqlim Fondunun təmsilçisi Ülviyyə Cəlilzadə Fins.az-a məlumat verib.
Ü.Cəlilzadə bildirib ki, Dünya İqlim Fondunun icraçı direktoru Yens Nilson konfransda çıxışı zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əhəmiyyətini vurğulayıb. Yens Nilson ölkəsi olan Danimarkada da kiçik və orta biznesin inkişafına dəstək olan agentliyin olduğunu vurğulayıb:
"Ümumiyyətlə kiçik və orta biznesin yaşıl iqtisadiyyata çox böyük töhfə verir. Belə ki, orta və kiçik sahibkarlar yenilikçi və çevikdirlər. Bu da sahibkarlara yaşıl iqtisadiyyat daxilində artan imkanlara uyğunlaşmaq və onlardan yararlanmaq imkanı verir. Sadəcə olaraq Azərbaycanda kiçik və orta sahibkarlara maliyyə institutları dəstək olmalıdır ki, onlar bu sahədə daha sürətlə inkişaf edə bilsinlər".
Fuad Mədətov
Fins.az