BİZNES

09 Sentyabr

“Mavi iqtisadiyyat”ın inkişafı rəqəmlərdə

Ötən il Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar olub. Ölkələr arasında ticarət dövriyyəsi son 4 ildə 3,4 dəfə artıb. Azərbaycan ilə İtaliya arasında ən böyük ticarət dövriyyəsi isə 2022-ci ildə qeydə alınıb - 18 milyard 122 milyon dollar. Bu kəskin artım Rusiya-Ukrayna müharibəsi fonunda dünya bazarında enerji resurslarının, eləcə də “mavi yanacağ”ın qiymətinin kəskin artması ilə bağlıdır. Ticarət dövriyyəsinin tarixinə gəldikdə isə onun ən yüksək həddi 2008-ci ildə olub. Bunun da əsas səbəbi məhz həmin il Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin bu günə qədər olan tarixi rekord vurması ilə əlaqəlidir. Belə ki, 2008-ci ildə bu dövriyyə 54,9 milyard ABŞ dollarını ötüb. Həmin il İtaliya ilə olan ticarət dövriyyəmiz də tarixin ən yüksək göstəricisi olaraq 19,4 milyard ABŞ dollarını keçib.

AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli söyləyib.

O bildirib ki, qarşılıqlı ticarət dövriyyəsi 6 milyard ABŞ dollarından çox olmaqla hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. Müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycanın isə İtaliyaya 1,7 milyard ABŞ dolları həcmində investisiya yatırması uğurlu səmərəli əməkdaşlığın göstəricisidir. Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq münasibətləri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri, həmçinin ölkəmizin neft-qaz sektorunda dəyəri 9,9 milyard dollar olan 277 layihədə, qeyri-neft sektorunda isə dəyəri 708 milyard dollar qiymətləndirilən 37 layihədə podratçı kimi iştirak edirlər. Bu statistika ikitərəfli münasibətlərdə iqtisadi amilin güclü elementi sayılır.

“Azərbaycan-İtaliya münasibətləri bu gün dünya üçün mühüm töhfələr vəd edir. Bu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəməri (TAP) ölkələrimiz arasında enerji əməkdaşlığını möhkəmləndirən vacib amildir. Bu kəmər vasitəsilə 2020-ci il dekabrın 31-dən qaz nəql edilir və bu, İtaliyanın enerji təhlükəsizliyinə töhfə verir. Təkcə keçən il TAP-la İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub. Qeyd edək ki, ölkəmizlə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükünün ildə azı 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. Bu həcmin Avropaya ixracında Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TAP da böyük rol oynayacaq”, - deyə ekspert əlavə edib.