Bu gün İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi ilə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans keçirilib. Fins.az xəbər verir ki, konfransın əsas məruzəçilərindən biri COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri cənab Muxtar Babayev olub.
Nazir çıxışında yaşıl iqtisadiyyatın aktuallığından bəhs edərək vurğuladı ki, bu gün dünyada ətraf mühitin çirklənməsi və təbii ehtiyatların azalması fonunda təmiz və dayanıqlı iqtisadi gələcəyə keçid ən böyük çağırışlardan biridir.
Onun sözlərinə görə, Azərbaycan dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün yaşıl iqtisadiyyata keçid üzrə mühüm addımlar atmaqdadır:
“Ölkəmiz, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq, bərpa olunan enerji mənbələrinin genişləndirilməsi və enerji səmərəliliyi sahələrində ciddi nailiyyətlər əldə etmişdir,” – deyə Babayev qeyd edib.
Bu çərçivədə, kiçik və orta bizneslərin (KOB) dayanıqlı inkişafa töhfə verə biləcəyi vacib bir platforma olaraq çıxış etdiyini vurğulayan nazir, onların ekoloji performansının yaxşılaşdırılmasının böyük potensiala malik olduğunu ifadə edib. Xüsusilə KOB-ların innovasiya sahəsində çevikliklərinin, yaşıl texnologiyalara və təmiz enerji mənbələrinə investisiyaları artırma imkanlarını genişləndirdiyini bildirib.
Nazir əlavə edib ki, bu il Bakıda keçiriləcək COP29 tədbiri Azərbaycanın qlobal iqlim dəyişiklikləri ilə mübarizədə mövqeyini gücləndirir. Bu beynəlxalq tədbirdə əsas prioritet iqlim maliyyəsi olacaq və Bakı COP-u çərçivəsində bir sıra mühüm məsələlər, o cümlədən mitiqasiya və adaptasiya, həmçinin dövlətlərin “İkiillik Şəffaflıq Hesabatları” və “Milli Müəyyən Edilmiş Töhfələr” kimi sənədlərinin hazırlanması müzakirə ediləcəkdir.
M.Babayev çıxışında dövlət və özəl sektorun birgə səylərinin yaşıl iqtisadiyyatın inkişafında önəmli olduğunu vurğulayaraq, yaşıl maliyyə alətlərinin KOB-ların keçidini maliyyələşdirmək üçün əsas vasitə olacağını qeyd etdi:
"KOB-lar innovasiya sahəsində çevikdirlər və daha tez yeni texnologiyalar və iş modellərini mənimsəyə bilirlər. Onlar yaşıl iqtisadiyyata keçid zamanı təmiz enerji mənbələrinə, enerji səmərəliliyi və tullantıların azaldılması texnologiyalarına sərmayə yatırmalıdırlar. Bu, həm iqlim məqsədlərimizi həyata keçirmək, həm də iqtisadi artımı təmin etmək üçün vacibdir.”
Nazirin sözlərinə görə, COP29-da Azərbaycanın Sədrliyi tərəfindən irəli sürülmüş 14 əsas təşəbbüs yaşıl iqtisadiyyatın inkişafını qlobal səviyyədə dəstəkləmək üçün böyük əhəmiyyət kəsb edəcək.
Sonda Muxtar Babayev KOB-ları yaşıl iqtisadiyyata keçid imkanlarından istifadə etməyə çağırdı və bu keçidin, həm onların rəqabət qabiliyyətini artıracağını, həm də qlobal iqlim məqsədlərinə töhfə verəcəyini vurğuladı.
Fuad Mədətov
Fins.az