Dünyada baş verən iqlim dəyişikliyi, təbii ehtiyatların azalması və artan tələbat "yaşıl iqtisadiyyat"ın inkişafını zəruri edir.
Fins.az xəbər verir ki, bu barədə Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, bu proses, hər bir ölkənin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilib.
"Təsadüfi deyil ki, Prezident İlham Əliyevin müəyyən etdiyi Milli Prioritetlərdən biri “Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi”dir. Bu istiqamətdə həyata keçirilən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası” çərçivəsində müvafiq tədbirlərin icrası davam etdirilir,” - deyə nazir vurğulayıb.
M.Cabbarov qeyd edib ki, "Yaşıl Dünya Naminə Həmrəylik ili" və COP29 tədbiri ərəfəsində ölkəmizdə bu mövzuda mühüm tədbirlər keçirilir və hazırkı konfrans da bu silsilənin bir hissəsi olmaqla, aktual məsələləri əhatə edir.
"Ümumilikdə, ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi, "yaşıl" istehsalın artırılması, təkrar emalın təşviqi və çirklənmiş ərazilərin bərpası kimi vəzifələr qarşımızda dayanır. Məqsəd, ətraf mühiti qorumaqla yanaşı, iqtisadi tərəqqi və sosial rifahın yüksəldilməsinə nail olmaqdır. Bu prosesdə özəl sektorun, xüsusilə kiçik və orta biznesin rolu olduqca əhəmiyyətlidir. Bu günkü konfransın əsas məqsədi də yaşıl iqtisadiyyata keçid çərçivəsində "yaşıl KOB" konsepsiyasını təşviq etməkdir," - deyə nazir əlavə edib.
Fuad Mədətov
Fins.az