BİZNES

27 Avqust

Orta Dəhlizdə 2027-ci il hədəfi: Marşrutun illik ötürücülük qabiliyyəti 10 milyon ton artırılacaq

Qazaxıstan, Azərbaycan, Türkiyə və Gürcüstan birlikdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafını irəlilətmək məqsədilə tədbirlər görür.

Fins.az xəbər verir ki, Qazaxıstan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, 2027-ci ilə qədər bu marşrutun “dar boğazlarının” aradan qaldırılması və inkişafı üzrə Yol Xəritəsi hazırlanır. Bu, marşrutun ötürücülük qabiliyyətini ildə 10 milyon tona çatdırmağa imkan verəcək.

Marşrutun cəlbediciliyini artırmaq üçün onun bütün uzunluğu boyunca vahid multimodal xidmət yaradılacaq. Hazırda Qazaxıstan və Azərbaycanın dəmir yollarının informasiya sistemləri DTC (Digital Trade Corridor) platformasının “Tez Customs” gömrük modulu ilə inteqrasiya olunub. Gürcüstan dəmir yollarının da oxşar inteqrasiya işləri aparılması planlaşdırılır. Bu addımlar, tərəfdaşlarla əməkdaşlığın səmərəliliyini və Orta Dəhlizin inkişafının vacibliyini təsdiqləyir.

2024-cü ilin ilk yeddi ayında marşrut boyunca daşınmaların həcmi 2,56 milyon ton təşkil edib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 63% artım deməkdir.

Orta Dəhliz, Çindən başlayaraq Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti də bu dəhlizin mühüm hissəsidir.

Fuad Mədətov
Fins.az