BİZNES

24 Aprel

Bakıda  Azərbaycan-Başqırdıstan Biznes Forumu keçirilib

Bu gün Bakıda  Azərbaycan-Başqırdıstan Biznes Forumu  keçirilib.

Fins.az xəbər verir ki, Başqırdıstan Baş nazirinin müavini, kənd təsərrüfatı naziri İlşat Fazrahmanov  Azərbaycan-Başqırdıstan biznes forumunda çıxış edib:

“Buraya uzunmüddətli əməkdaşlıq ümidi ilə gəlmişik ki, Başqırdıstan və Azərbaycanın işgüzar dairələri bir-birilə əlaqələr qura bilsinlər. Bu, ikitərəfli yoldur. Başqırdıstan məhsullarını Azərbaycana ixrac etməyə və respublikamızda istehsal olunmayan malların Başqırdıstana idxalını təşkil etməyə hazırıq”, – o vurğulayıb.

Tərəflər 2 əməkdaşlıq haqqında saziş – Azərbaycanın Sərgi Təşkilatçıları Assosiasiyası ilə Başqırdıstanın Sərgi Şirkəti və Azərbaycanın “MT Group” ilə Başqırdıstanın “Başınkom” şirkəti imzalayıb.

İmzalanma mərasimində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı qeyd edib ki, bugünkü tədbirin məqsədi Azərbaycanla Başqırdıstan arasında qeyri -neft sektorunun inkişaf etdirilməsidir. Onun sözlərinə görə, bu imzalanan sənədlərin məqsədi iki ölkə arasında əlaqələrin inkişafını təşviq etməkdir.

T.Hacılı vurğulayıb ki, AZPROMO fəaliyyətində Rusiyanın subyektlərinə xüsusi diqqət ayırır, ölkənin müxtəlif regionları ilə birgə işgüzar tədbirlər keçirir, o cümlədən Agentlik tərəfindən mütəmadi olaraq ixrac missiyaları təşkil olunur, Rusiyada keçirilən sərgilərdə yerli sahibkarların iştirakına dəstək göstərilir.

Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, əczaçılıq, logistika, konsaltinq, ticarət və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər. Belə ki, tədbirdə Azərbaycanla qarşılıqlı faydalı ticarət və investisiya tərəfdaşlığının potensialı yüksək qiymətləndirilib, ikitərəfli əlaqələrin genişləndirilməsinə dair mövcud perspektivlər qeyd edilib. Forum B2B formatda görüşlərlə davam edib.

2023-cü ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 17,5 % artaraq 4 milyard 358 milyon ABŞ dollarına çatıb, 2023-cü ildə Rusiya Federasiyası ilə ticarət əməliyyatlarının xüsusi çəkisi Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 8,52 % təşkil edib.

Fuad Mədətov
Fins.az