Bu ilin yanvar-mart aylarında əsas kapitala 3809,2 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çox investisiya yönəldilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 2,7 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 4,8 faiz artıb. İstifadə olunan investisiyanın 2122,6 milyon manatı və ya 55,7 faizi məhsul istehsalı sahələrinə, 1453,1 milyon manatı (38,2 faizi) xidmət sahələrinə, 233,5 milyon manatı (6,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilən investisiyaların 3024,8 milyon manatını və ya 79,4 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilən investisiyaların 2681,9 milyon manatı və ya 70,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.