BİZNES

09 Aprel

Samux sahibkarları ilə görüş keçirilib, KOB dostu ofisi fəaliyyətə başlayıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Samux rayonunda sahibkarlarla görüş keçirilib. Tədbirdə Samux və ətraf bölgələrdən olan 200-ə yaxın sahibkar, eləcə də bölgədə biznes subyektlərinə xidmət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Fins.az xəbər verir ki, həmçinin, tədbir çərçivəsində Samux rayonu üzrə KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib. Bu ölkə üzrə sayca 49-cu KOB dostu ofisidir. Samux KOB dostu ofisi Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə Gəncə, Daşkəsən və Göygöldən sonra sayca 4-cü ofisdir.

Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev rayonda sahibkarlıq fəaliyyəti və investisiya qoyuluşu üçün imkanlar, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov isə Agentliyin dəstək və xidmətləri, KOB dostu mexanizmi barədə fikirlərini bölüşüblər.

Görüş çərçivəsində sahibkarların çətinliklərinə və ehtiyaclarına dair fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, KOBİA-nın sahibkarlara göstərdiyi dəstək barədə filmlər nümayiş olunub.

Sonra tədbir iştirakçıları Samux rayon Heydər Əliyev Mərkəzində yerləşən KOB dostu ofisində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olublar.

Fuad Mədətov
Fins.az