BİZNES

25 Mart

Yanvar-fevral ayı üzrə göstəricilər

Fins.az Dövlət Statistika Komitəsi tərəfindən cari ilin yanvar-fevral ayları üzrə veridiyi məlumatları nəzərinizə çatdırır.

Cari ilin yanvar-fevral aylarında ÜDM istehsalı

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-fevral aylarında ölkədə 18576,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,0 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,7 faiz azalmış, qeyri-neft-qaz sektorunda isə 10,1 faiz artmışdır.

Əhalinin hər nəfərinə düşən ÜDM 1824,1 manata bərabər olmuşdur.

10,2 milyard manatlıq sənaye məhsulu

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 10,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,9 faiz azalmış, qeyri-neft-qaz sektorunda isə 11,2 faiz artmışdır.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,7 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 4,0 faiz artmışdır.

131 ölkə ilə ticarət əməliyyatları

2024-cü ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 131 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 72 ölkəyə məhsul ixrac olunmuş, 124 ölkədən idxal olunmuşdur.

Ticarət dövriyyəsinin 2127,9 milyon dollarını və ya 65,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 1142,1 milyon dollarını (34,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 985,8 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.

2024-cü ilin yanvar ayında qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə faktiki qiymətlərlə 22,0 faiz, real ifadədə 30,0 faiz azalaraq 222,0 milyon dollar təşkil etmişdir.

İstehlakçılara 8555,0 milyon manatlıq ərzaq və qeyri-ərzaq malları satılıb

2024-cü ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 8555,0 milyon manatlıq, o cümlədən 4726,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3828,6 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz artmışdır.

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,6 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil etmişdir. 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 2024-cü ilin yanvar-fevral aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3,6 faiz, fərdi sahibkarlar üzrə 3,8 faiz, bazar və yarmarkalarda 2,7 faiz artmışdır. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 420,0 manatlıq, o cümlədən 232,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 188,0 manatlıq qeyri-ərzaq malları almışdır.

Əsas kapitala yönəldilmiş vəsait

2024-cü ilin yanvar-fevral aylarında əsas kapitala 2638,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz çox investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 12,5 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 17,1 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 1439,7 milyon manatı və ya 54,6 faizi məhsul istehsalı sahələrinə, 1064,7 milyon manatı (40,3 faizi) xidmət sahələrinə, 133,7 milyon manatı (5,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.