BİZNES

27 Fevral

DSMF və “McDonald’s Azərbaycan” arasında əməkdaşlığa dair memorandum imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) və “McDonald’s Azərbaycan” QSC arasında əməkdaşlığa dair anlaşma memorandum imzalanıb.

Fins.az-ın məlumataına görə, DSMF-in İdarə heyətinin sədri Himalay Məmişov bildirib ki, sənəd korporativ sosial məsuliyyət çərçivəsində layihələrin həyata keçirilməsi üzrə qarşılıqlı faydalı, uzunmüddətli və effektiv əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlığı nəzərdə tutur.

Tərəflər əhalinin sosial cəhətdən həssas kateqoriyaya aid insanlara, həmçinin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası üçün Vətən Müharibəsində mübarizə aparan şəhid və qazilərin övladlarına dəstək olmaq məqsədilə sosial layihələr həyata keçirəcək.

“McDonald’s Azərbaycan” QSC -nin baş direktoru Oskar Boqopolskiy qeyd edib ki, sosial məsuliyyət “McDonald’s” şirkətinin korporativ siyasətinin vacib hissəsidir və DSMF-lə əməkdaşlıq bu istiqamətdə şirkətin fəaliyyətinin sərhədlərini daha da genişləndirir.

“Biz bu əməkdaşlığın uzunmüddətli olacağına əminik və nəzərdə tutulan layihələrin başlanmasını səbirsizliklə gözləyirik. Bu barədə ictimaiyyətə daha ətraflı məlumat təqdim ediləcək. Şəhid və Vətən Müharibəsinin qazilərinin övladlarına dəstək olmaq hər birimizin mənəvi borcudur və biz bu istiqamətdə öz töhfəmizi verməyə hazırıq”, - O.Boqopolski qeyd edib.

Fuad Mədətov
Fins.az