BİZNES

15 Fevral

“Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” mövzusunda Vergi Forumu keçirilib

Fevralın 15-də “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” mövzusunda Vergi Forumu keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin və Nazirlik yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sahibkarların ictimai birliklərinin təmsilçiləri, xarici və yerli ekspertlər iştirak ediblər.

Tədbirdə iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Mikayıl Cabbarov çıxış edib. Bildirib ki, ölkəmiz dünyada baş verən qlobal çağırışlara adekvat yanaşma nümayiş etdirir. Son illər qeyri-neft-qaz sektorunda aparılan islahatlar və dəstək tədbirləri iqtisadi artımın dayanıqlığını təmin edir. 2023-cü ildə qeyri-neft-qaz sektoru 3,7% artım dinamikasına malik olub. Azərbaycan iqtisadiyyatı 2024-cü ilə uğurlu göstəricilərlə başlayıb.

Çıxışında biznesin təşviqi ilə bağlı məsələlərə toxunan Mikayıl Cabbarov qeyd edib ki, vergi sistemi iqtisadiyyatın dövlət tənzimlənməsində mühüm alətlərə malikdir və iqtisadiyyatda müsbət dəyişikliklərin təmin edilməsində, iqtisadiyyatın “ağardılmasında” vacib rol oynayır. Milli iqtisadi inkişafı təmin etməyə və rəqabətqabiliyyətli ekosistem formalaşdırmağa yönələn hədəflər vergi siyasətinin əsas konturlarını müəyyən edir. Vergi siyasətinin təkmilləşməsində dövlət qurumları ilə yanaşı işgüzar dairələrin də rolu xüsusilə vurğulanıb. İqlim dəyişikliklərinin aktuallığı və “yaşıl iqtisadiyyatın” stimullaşdırılmasında vergi siyasətinin roluna diqqət çəkilib, bərpa olunan enerji mənbələrinə sərmayə qoyuluşunun, eləcə də istehsal sektorunda və ixrac olunan məhsullarda “karbon izi”nin azaldılmasına yönələn siyasətin vergi alətləri vasitəsilə dəstəklənməsinin vacibliyi qeyd olunub.

Forumda çıxış edən ekologiya və təbii sərvətlər nazirinin səlahiyyətlərini icra edən Muxtar Babayev tədbirin əhəmiyyətini vurğulayıb, qlobal iqlim dəyişiklikləri fonunda COP29-un ev sahibi kimi Azərbaycanın bir sıra öhdəlikləri olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, hazırda İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər əlaqədar dövlət qurumları tərəfindən müxtəlif platformalar üzərindən bu öhdəliklərin yerinə yetirilməsi istiqamətdə ciddi iş aparılır. M.Babayev iqtisadi cəhətdən dayanıqlı təmiz və sağlam mühitin ölkəmiz qarşısında duran əsas çağırışlardan biri olduğunu bildirib. Qeyd olunub ki, vergi siyasətinin biznes müəssisələrinə “yaşıl” təcrübələrin tətbiqinə, dayanıqlı enerji layihələrinə sərmayələr qoyulmasının təşviqinə və bərpa olunan enerji mənbələrindən istifadə edən investorların dəstəklənməsinə yönəlməsi zəruridir.

Tədbirdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi Siyasəti və İnzibati Mərkəzinin baş vergi məsləhətçisi Endrü Auerbaxın və İOTA-nın prezidenti, Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının rəhbəri Ferens Vaquhelyinin Forum iştirakçılarına videomüraciəti səsləndirilib.

Forumda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli təqdimatla çıxış edib və vergi sistemində reallaşdırılan islahatlar, həyata keçirilən tədbirlər barədə danışıb. Təqdimatda vergi sisteminin qarşısında duran çağırışlar, vergi islahatların iqtisadi təsirləri, vergi siyasətinin hədəfləri və əsas yanaşmalar, sahibkarların ictimai birlikləri ilə əməkdaşlıq, fiskal göstəricilər sahəsində əldə olunan nəticələr, “kölgə iqtisadiyyatı” ilə mübarizə, vergi xidmətində rəqəmsallaşma, perspektiv layihələr, ortamüddətli perspektivdə vergi siyasətinin əsas istiqamətləri barədə geniş məlumat verilib.

Bildirilib ki, ölkədə biznes mühitinin yaxşılaşdırılması, dayanıqlı və inklüziv iqtisadi inkişafın və davamlı iqtisadi artımın təmin edilməsinə yönəli fəaliyyəti dəstəkləmək məqsədilə “Dövlət Vergi Xidmətinin 2024-2030-cu illər üzrə Strategiyası” hazırlanıb. Bu strategiya Dövlət Vergi Xidmətinin missiyasına, strateji baxışına uyğunlaşdırılan və mövcud dəyərlərinə söykənən 5 əsas istiqamətdən ibarətdir. Bunlara könüllü əməletmənin təşviqi, vergidən yayınma ilə effektiv mübarizə, mütərəqqi yeniliklərin tətbiqi, Xidmətin institusional inkişafı və güclü insan kapitalının formalaşdırılması, habelə digər dövlət qurumları ilə əməkdaşlığı təmin edən birgə işin qurulması daxildir. Qeyd olunub ki, strategiyanın reallaşdırılması vergi sisteminin daha ədalətli, sadə, əlçatan və müştəriyönümlü olmasına gətirəcək, cəlbedici vergi mühitinin formalaşdırılmasına xidmət edəcək. Vergi xidmətinin gələcəyə baxışı etibarlı, müasir və könüllü əməletməyə əsaslanan vergi ekosisteminin qurulmasına söykənir. Bu vergi yığımlarını təmin etməklə bərabər vergi inzibatçılığının sadələşdirilməsinə, vergi ödəyiciləri ilə qarşılıqlı etimad mühitinin formalaşmasına, könüllü əməletmənin təşviqinə yönələcək.

Qeyd olunub ki, həmçinin aparıcı dünya praktikası ilə uzlaşan yeni vergi sisteminə keçid və formalaşmış mövcud qanunvericilik təcrübəsindən çıxış edərək, Vergi Məcəlləsinin yeni strukturunun hazırlanması işlərinə başlanıb.

Sonra Forum iştirakçıları Dövlət Vergi Xidmətinin təqdim elədiyi yeni xidmətlərə dair video çarxı izləyiblər.

Forum öz işini üç sessiyada davam etdirib. Moderatoru Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva olan “Yaşıl artım: yaşıl iqtisadiyyata keçid üzrə qlobal çağırışlar və vergilərin rolu” mövzusuna həsr olunmuş birinci sessiyada İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov, EY şirkətinin audit üzrə partnyoru Nərgiz Kərimova və SOCAR-vitse-prezidenti Əfqan İsayev çıxış ediblər. Moderatoru “Deloitte Azerbaijan” şirkətinin idarəedici partnyoru Nuran Kərimov olan “Vətəndaş məmnunluğu: müraciətlərə baxılması sahəsində yeniliklər, müştəriyönümlülük dəyərlərinə əsaslanan yeni xidmət modellərinin yaradılması” mövzusuna həsr olunmuş ikinci sessiyada DVX-nin baş idarə rəisləri Elçin Məmmədov və Zeynalabdin Məmmədzadə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sektor müdiri Semral Əliyev çıxış ediblər. Sessiyada DVX-nin yeni mobil tətbiqi ilə bağlı videoçarx nümayiş etdirilib. Moderatoru BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli olan “Mütərəqqi vergi sistemi: islahatların iqtisadi inkişafa, şəffaflığa təsiri və insan kapitalının həlledici rolu” mövzusunda üçüncü sessiyada ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev, DVX-nin Aparatının rəhbəri Emil Qarayev və baş idarə rəisi Aytən Kərimova çıxış ediblər. Həmçinin sessiyada DVX-da insan resurslarının inkişafı ilə bağlı videoçarx nümayiş etdirilib.

Sessiyalarda müzakirələr aparılıb və tədbir iştirakçılarının sualları cavablandırılıb. Çıxış edənlər ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin dəstəklənməsi, iqtisadi idarəetmənin yeni çağırışlara uyğun həyata keçirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirləri müsbət qiymətləndirib, əsas prioritetlərin reallaşdırılması prosesində aparılacaq islahatlara dair təkliflərini səsləndiriblər.