Caspian Energy Club-un Türkiyə nümayəndəliyi ölkədəki fəaliyyətini aktivləşdirir.
Bu barədə Fins.az-a Caspian Energy Club Türkiye-nin İdarə heyətinin sədri Süleyman Məcidli bildirdi.
“2023-cü il ərzindəki fəaliyyət dövrümüzdə qardaş ölkə Türkiyədə 10 fərqli formatda tədbir təşkil etdik. Türkiyənin 4 böyük şəhəri olan İstanbul, Ankara, İzmir və Bursada Türk sahibkarları arasında networking ilə yanaşı sahibkarlar ilə Türkiyə hökuməti arasında dialoqu formalaşdırdıq. Əlavə olaraq, həmçinin Türkiyədən sahibkarların xarici bazarlara çıxışına da dəstək olduq. Qeyd edilənlərə misal olaraq, 30 Aprel 2023-cü ildə İstanbul şəhərində Caspian Energy Club və Caspian Energy Türkiye-nin birgə təşkilatçılığı ilə 14-cü beynəlxalq “Caspian Energy Investment Forum Istanbul 2023” keçirilmişdir. Forum 20 ölkədə planlaşdırılan və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində baş tutmuşdur. Forumda Azərbaycan və Türkiyənin energetika sahəsindəki rolu, Xəzər, Qara və Baltik dənizlərinin enerji potensialı müzakirə olunmuşdur. Beynəlxalq forumda Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur Nazirliyinin əməkdaşları və hər iki ölkənin digər dövlət və özəl sektorunun nümayəndələri iştirak etmişdirlər. Bundan əlavə, 2023-cü il ərzində Ankara şəhərində “Industry MeetUp”, İzmir şəhərində “Technology and IT MeetUp”, İstanbul şəhərində “Trade and Logistics MeetUp” təşkil edilmişdir. Oktyabr ayında Azərbaycanda ilk dəfə təşkil edilən “Azerbaijan Industry Week”də iştirak edən Türk iş adamları ilkin olaraq Naxçıvan Muxtar Respublikasındakı rəsmi dövlət qurumları ilə görüşərək aparıcı istehsalat müəssisələrini ziyarət etdilər, sonrasında Sumqayıt Şəhər İcra Hakimiyyəti nümayəndələri, sənaye parkının rezidentləri STP və Azertexnolayn-ı ziyarət etmişdirlər. KOBİA-nın rəhbəri Orxan Məmmədov ilə sahibkarlar arasında təşkil edilmiş görüşdə Türk sahibkarlar Azərbaycanda enerji, tekstil, avadanlıq istehsalı, IT sahələrində investisiya layihələrinə maraqlarını ifadə etmişdirlər”, - Süleyman Məcidli qeyd etdi.
O, həmçinin sənaye həftəsi daxilində Latviya, Estoniya və Finlandiyadan sahibkarlar ilə B2B görüşlər keçirildiyini, bu görüşlər əsnasında sahibkarların Qarabağın Yenidənqurma sərgisini və AFEZ azad iqtisadi zonasını ziyarət edərək Qarabağdakı yenidənqurma işləri və iqtisadi zonaların avantajları ilə yaxından tanış olduqlarını bildirdi.
Onun sözlərinə görə, noyabr ayında Özbəkistan və Qazaxıstana səfər çərçivəsində Özbəkistanın aparıcı iş adamları birlikləri, nazirlikləri və sahibkarlar ilə görüşlər keçirildi. Özbəkistanda Türkiyə Səfirliyi ziyarət edilərək Ticarət və Kənd Təsərrüfatı üzrə müşavirləri ilə Türk sahibkarların Özbəkistanda fəaliyyətinin potensialı qiymətləndirildi, Qazaxıstanda isə “Astana Investment Forum”da iştirak sonrası KazMunayGaz-ın rəhbərliyi ziyarət edildi.
“2024-cü il fəaliyyət planımızda, Türkiyədə iş dünyası ilə daha geniş əlaqələr şəbəkəsi yaratmaq, Türk iş adamlarının beynəlxalq iş dünyası ilə qarşılıqlı əlaqəsini artırmaq, sektorlar üzrə networking tədbirlərinin təşkili, Türk iş adamları ilə Türkiyə hökuməti arasında daha sıx əməkdaşlığın qurulması, Türkiyədə mühüm sektorlarda tədbirlər və forumlar təşkil edərək sektorlararası əməkdaşlığı dəstəkləmək, digər ölkələrdəki oxşar təşkilatlarla əməkdaşlıq edilməsini təmin etmək, qlobal miqyasda iş dünyasına inteqrasiya etmək və türk iş adamlarını beynəlxalq platformalara daşımaq, biznes dünyasının müasir tendensiyaları və qabaqcıl təcrübələri ilə bağlı təlim və seminarların təşkili nəzərdə tutulur” - deyə Süleyman Məcidli çıxışını yekunlaşdırdı.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, Almaniya, Polşa, Qırğızıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Estoniya, Finlandiya, Avstriya, BƏƏ-də rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas funksiyalarından biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.
Fuad Mədətov
Fins.az