BİZNES

23 Yanvar

Hazırda Azərbaycanda biznes mühiti çox pozitivdir - Camal Xasayev

"FRAZEX" MMC-in Baş Direktoru Camal Xasayevin Fins.az-a müsahibəsi.

- Şirkətin fəaliyyət istiqaməti və inkişaf perspektivliyi nədən ibarətdir?

- Hal-hazırda şirkətimiz Azərbaycanda olmayan layihələri daxili bazarda həyata keçirməkdədir. Əsasən innovasiya layihələriylə məşğuluq. Amma bazar klassik tərzə öyrəşdiyi üçün bəzən problemlər yaranır ki, biz də bunun öhtəsindən gələ bilirik. Sahibkarlara da tövsiyyəm odur ki, innovasiyalarla çalışsınlar.

Şirkətimiz dünyada olan bütün təcrübələri araşdırır, daha sonra həmin təcrübələri Azərbaycan bazarında tətbiq etmək üçün fokus qruplar yaradır. Əgər bu təcrübə fokus qruplardan keçirsə, həmin layihəyə investisiya ayrılır. Artıq bu prosesdən sonra layihənin icrasına başlanılır və idarə olunur. Bir məsələni də qeyd edim ki, ideyası olan biznesmen yaxınlaşıb bizimlə məsləhətləşə bilər. Əgər uyğun layihə olarsa, ona bizim menecmentimizin nəzarəti altında investisiya ayıra bilərik.

- Bu zaman, fikir sahibinin işi nədən ibarət olur?

- Bütün proseslər ona aid olur. Lakin bizim qaydalar çərçivəsində fəaliyyət göstərir.

- Azərbaycan biznes bazarını necə dəyərləndirirsiniz?

- Bütün sahibkarlara innovasiya tərəfə getmələrini tövsiyyə edirəm. Amma hər şeyi vaxtında etmək lazımdır. Qanunvericilik tərəfindən kifayət qədər şərait yaradılıb ki, biznes sahəsi genişlənsin. Digər tərəfdən də banklar kifayət qədər innovativ addımlar atıb. Ona görə də düşünürəm ki, hazırda Azərbaycanda biznes mühiti çox pozitivdir.

- Bildiyimiz kimi, sahibkarların vergi yükü kifayət qədər azaldılıb. Bu prosesi necə dəyərləndirirsiniz?

- Sahibkarlar bizə müraciət edəndə, daha çox aktiv layihələrə üstünlük veririk. Sıfırdan olan layihələrlə uğurlu əməkdaşlığımız olmayıb. Çünki özləri ehtiyat edirlər ki, kimsə layihənin ideyasına sahiblənər. Bu səbəbdən də layihələrə və layihə müəllifləriylə əvvəlcədən maarifləndimə işləri aparırıq.

Qeyd edim ki, əgər şirkət birinci gündən işini tam rəsmi şəkildə həayat keçirirsə, deməli, bir sıra vergidən azad olacaq. Bunu yaxşı qiymətləndirirəm. Bizim meyarlar minimum 3 işçidən ibarətdir: işçinin İT üzrə diplomu və 1 il iş stajı olmalıdır. Şirkətin bir sıra aktiv layihələri olmalıdır və s. Azərbaycanda minlərlə İT şirkəti var, amma hamısı buna nail olmayıb. Yəni bir çox şirkət işini rəsmi etməyib. Amma biz həmin lisenziyanı rahat şəkildə əldə etdik.

- Sahibkarların, yaxud startapçıların ideya layihələrinin mənimsənilməsi fobiyasından çəkindirmək üçün addımlar atmısınızmı?

- Əslində bunu tam olaraq fobiya adlandırmaq olmaz. Gənc startapçılar deyir ki, biz 2 faiz qarşılığında çalışırıq. Mən onlara məsləhət görərdim ki, bu yanlış fikri qaydasına qoysunlar. Böyük bazardan kiçik hissə almaqdansa, kiçik bazardan böyük hissə almaq daha uğurludur.

- Şirkətinizin uğurlu layihələri hansılardır?

- Ümumiyyətlə, bütün layihələrimiz uğurlu olub. Amma bəzilərinin uğur səviyyəsi fərqlidir. İlk uğurlarımızdan biri də 2023-cü ildə olub, “Master Card”la işləməyə başlamışıq. “Visa”dan fərqli olaraq tamamilə qeyri-ənənəvi layihələr üzərində çalışırıq. 2023-cü ildə 2022-ci illə müqayisədə nisbətən daha yaxşı nəticəmiz olub. Bu da o deməkdir ki, 3 dəfə artım olub.

Fuad Mədətov
Fins.az