BİZNES

15 Yanvar

Hər bir sahibkar planlamanı həyata keçirsə, risklərin qarşısı alınacaq – Ruzi Səmədov

"SAMADOV Hüquq və Audit" şirkətinin təsisçisi və direktoru Ruzi Səmədovun Fins.az-a müsahibəsi.

- Azərbaycanda bugünkü audit bazarını necə dəyərləndirirsiniz?

- Auditin mahiyyəti ondan ibarətdir ki, sahibkarın fəaliyyət göstərdiyi mühasibatlığından maliyyə dövriyyəsini yoxlamaq üçün kənardan audit dəvət etməlidir. Bir sözlə, öz işinin kənardan yoxlanmasını təşkil etməlidir. Bu, işin əsas mahiyyətindan ibarətdir və yaxud da hər hansı bir müəssisəni aldığı zaman onun yoxlanılmasını tələb etməlidir. Audit sahəsi genişdir və bura yalnız maliyyə auditi daxil deyil. İT auditi deyilən bir fəaliyyət növü var. Bu da çox maraqlıdır. Sahibkarlar özləri maraqlı olarlarsa, bu sahə daha da genişlənər.

- Bir sözlə ifadə etsək, sahibkarlar maliyyə baxımdan hesabatlara açıq olmalıdırlar?

- Əlbəttə, bu, formal xarakter olmamalıdır. Bilirsiniz ki, qanunvericilikdə məcburi audit deyilən bir amil var. Hər ilin sonu məcburi audit olunmalı müəssisələr var. Sığorta, maliyyə təşkilatları və başqa şirkətlər məcburi auditə keçməlidirlər.

- Maliyyə hesabatları və audit prizmasından bizneslərin ən çox qarşılaşdıqları çətinliklər nədir və bu çətinliklərə nə kimi amillər təsir edir?

- Şirkətimizin mütəxəssisləri ilə davamlı olaraq bu məsələni müzakirə edirik. Bu, sahibkarların problemlərindən biridir. Sahibkar bu iki amilə diqqət etməlidir: həm auditi, həm də verdiyi vergi hesabatını. Vergi hesabatını seçəndə də diqqətli olmalıdır.

- Rəqəmsal transformasiya dövrünün texnologiyası bir çox sahələrə olduğu kimi, maliyyə və audit xidmətlərinə də təsir edib. Günümüzdə bu texnoloji yenilik maliyyə və audit xidmətlərinə necə təsir edib?

- Əslində təsiri yan ötmür. Bu da, texnologiyanın inkişafı ilə bağlıdır. Artıq süni intellekt biznes yanaşmasını tamamilə dəyişib. Ümumiyyətlə, bu sahəyə proqramlaşdırma, avtomatlaşdırma çox təsir edib. Bilirsiniz ki, bir proqram təminatı vasitəsi ilə 50 nəfərin işini görmək mümkündür. Burada məsələ ondan ibarətdir ki, kəmiyyət azalır, keyfiyyət artır.

- Qeyd etiyiniz amilləri nəzərə alsaq, hazırda bank və sığorta sektorunun faəliyyətini necə dəyərlərdirisiniz?

- Ən çox xidmət göstərən banklardır. Bunların optimallaşdırılması göz önündədir. Demək olar ki, xidmətlərinin çox hissəsini avtomatlaşdırıblar. Artıq fiziki olaraq müdaxilə yoxdur. Kənar təsirlərin qarşısı alınıb. Demək olar ki, tam şəffafdır. Nəticə olaraq müsbət qarşılanır.

- 2023-cü ilin son aylarında sahibkarların vergi yükünün azaldılması üçün müvafiq qərarlar qəbul edildi və həmin qərarlar bu ilin yanvarın 1-dən etibarən qüvvəyə mindi. Bu mənada 2024-cü ildə sahibkarları nələr gözləyir?

- Burada ikibaşlı məsələ var. Birincisi odur ki, mikro sahibkarlara münasibət dəyişib. Əgər sahibkarlar 5 faizlə vergi verirdilərsə, artıq bu rəqəm 20 faiz oldu. Onlar minimum 3 işçi götürməlidirlər ki, əvvəlki güzəştlər tətbiq edilsin. Digər məsələ isə sahibkarları maraqlandıran budur ki, əvvəl divident vergisi 10 faiz idisə, hazırda endirilərək 5 faiz olub. Bu məsələ böyük sahibkarlar üçün maraqlıdır. Çünki böyük sahibkarlar dividenti 10 faiz verirdilərsə, artıq bu rəqəm 5 faizdir və  qeyd edim ki, burada 5 faiz böyük bir rəqəmdir. Amma etiraf edək ki, bu proses kiçik rəqəmdə hiss olunmur.

Əgər mexanizm real işləsə, müəyyən risklərin qarşısını almış olacaq. Bu da işsizliyin müəyyən miqdarda azaldılmasına gətirib çıxaracaq. Mikro sahibkarın ayaqda qalması üçün şərait yaradılmalıdır. İnzibatçılığı dəqiq olmalıdır. Ümumiyyətlə, hər bir sahibkar planlamanı həyata keçirməlidir. Əgər bu baş verərsə, risklərin qarşısı alınacaq.

- Şirkətinizin 2023-cü il maliyyə hesabatları əvvəlki illə müqayisədə azalma və yaxud artımla qarşılaşdı?

- 2023-cü il bizim üçün uğurlu oldu. Həm maliyyəmiz, həm də bir sıra kadr dəyişikliyi oldu. Amma 2024-cü ildə daha çox qazanacağımızı gözləyirik.

Qaldı ki, sırf artıma... Yeni sahələrə başladıq. Yalnız mühasibatlıq deyil, HR xidməti də göstəririk. Xeyli audit uğurumuz oldu. Rəqəmlərlə desək, 2023-cü ildə 10-12 faiz artım olub. Bu artımı da yeni kadrlarımıza xərclədik. İşimizi daha genişləndirdik.

Fuad Mədətov
Fins.az