“İslam maliyyə bazarı sürətlə genişlənir və davamlı inkişafı dəstəkləmək, maliyyə inklüzivliyini və sabitliyi təşviq etmək, yoxsulluğun aradan qaldırılması və çoxölçülü bərabərsizlikləri həll etmək üçün bir sıra həllər təklif edir”. Bu fikri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Tədris Mərkəzinin (SESRIC) baş direktoru Zəhra Zümrüt Selçuk yenicə çapdan çıxmış “İslam maliyyə sistemi və onun Azərbaycanda perspektivləri” adlı dərs vəsaitinin Ön sözündə qeyd edib. O bildirib ki, islam maliyyə bazarının həcmi 2026-cı ilə qədər 5,9 trilyon ABŞ dollarına çatacaq. “Bu, islam maliyyəsi üçün əlverişli ekosistem nəzərə alınmaqla İƏT ölkələrinin böyüməsi hesabına baş verəcək. İslam maliyyəsinin komponentləri baxımından İƏT ölkələrində islam bankçılığındakı cəmi aktivlər 2015-ci ildəki 841 milyard ABŞ dollarından 2022-ci ildə 1 trilyon ABŞ dollarına yüksəlməklə 30% artımı əks etdirir. İslam maliyyə bazarlarında müsbət impuls və artan tələb nəticəsində islam banklarının sayı isə İƏT qrupu ölkələrində 2015-ci ildəki 154-dən 2022-ci ildə 172-yə yüksəlib”,- deyə Z.Zümrüt qeyd edib. SESRIC rəhbəri bildirib ki, son illərdə islam maliyyəsi və alətlərinə maraq xüsusilə artıb və bu da sözügedən sektorda sürətli böyüməyə yol açıb. Məsələn, “Refinitiv” tərəfindən hazırlanmış 2022-ci il “İslam Maliyyəsinin İnkişaf Göstəriciləri Hesabatı”na əsasən, islam maliyyə aktivləri 2015-ci ildəki 2,2 trilyon ABŞ dollarından 2021-ci ildə 4 trilyon ABŞ dollarına yüksəlib. Bu, yeddi il ərzində 82% məcmu artım deməkdir.
Qurumdan Fins.az-a verilən məlumata görə, ön söz müəllifinin fikrincə, COVID-19 pandemiyası İslam maliyyə sistemində rəqəmsallaşmaya yol açdı və islam fintek məhsulları kimi yeni mexanizm və vasitələrin böyüməsini sürətləndirdi. “İslam turizmi və həyat tərzi digər halal sektorlardan fərqli olaraq, islam maliyyə bazarı dəyişən şərtlərə sürətli uyğunlaşma və rəqəmsal həllərin mövcudluğu səbəbindən pandemiya zamanı möhkəm və sağlam qaldı. Hətta bu çətin dövrlərdə islam maliyyə aktivlərində illik artım tempi 2019-cu illə müqayisədə 2020-ci ildə 14% səviyyəsində qeydə alındı”,- deyə Z.Zümrüt qeyd edib.
SESRIC-in baş direktoru onu da vurğulayıb ki, bir neçə onilliklər əvvəl islam bankları yalnız Bəhreyn, İran, Səudiyyə Ərəbistanı, Malayziya və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə fəaliyyət göstərirdi. Son illərdə Azərbaycan da daxil olmaqla, İƏT ölkələri və Cənubi Afrika, Böyük Britaniya və Sinqapur kimi İƏT-ə üzv olmayan digər ölkələr sukuk kimi islam maliyyə məhsullarının geniş çeşidinə maraq göstərməyə və təklif etməyə başlayıb, eləcə də fayda əldə etmək üçün ənənəvi banklarda islam maliyyəsi pəncərəsi açılıb. Məsələn, 2019-cu ildə Cənubi Afrika (500 milyon ABŞ dolları), Böyük Britaniya (364 milyon ABŞ dolları) və Sinqapurun (289 milyon ABŞ dolları) buraxdığı sukukun həcmi 1 milyard ABŞ dollarını keçib.
Qeyd edək ki, “İslam maliyyə sistemi və onun Azərbaycanda perspektivləri” adlı dərs vəsaiti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan İlahiyyat İnstitutunun birgə əməkdaşlığı ilə ərsəyə gəlib. Kitab bir neçə gün əvvəl ictimaiyyətə təqdim olunub.
Günel Məlikzadə
Fins.az