BİZNES

30 Noyabr

“Ulduz” Şokolad Fabriki ixrac üzrə öz rekordunu yeniləyib

Azərbaycanın qənnadı istehsalçılarından “Ulduz” Şokolad Fabriki ötən il 5 min ton qənnadı məhsulunu xarici bazara satıb. Bu, müəssisənin indiyədək ixrac etdiyi ən böyük həcm olub və Azərbaycanda konfet sahəsində böyük eksportdur.

Fins.az xəbər verir ki, bu barədə "Veysəloğlu" Şirkətlər Qrupu məlumat yayıb.

Məlumatda qeyd olunur ki, istehsal həcmini və çeşidlərini ilbəil artıran fabrik idxalı əvəzləməklə ölkə iqtisadiyyatının inkişafını dəstəkləyir və əhalini daha əlçatan qiymətlərə olan məhsullarla təmin edir:

"Tamamilə yeni texnoloji avadanlıqlardan ibarət “Ulduz” Şokolad Fabriki öz brendlərini yaratmaqla, idxal məhsullarla keyfiyyətdə də yüksək rəqabətə girib. İstehsal həcmi, rəqabətqabiliyyətli brendləşmiş məhsullar müəssisəyə ixrac potensialını artırmaq imkanı verir.

Müəssisə qida təhlükəsizliyi standartı üzrə BRC sertifikatının "A+" dərəcəsinə sahibdir. Britaniya Pərakəndəçilər Konsorsiumu tərəfindən yaradılan BRC qlobal sertifikatı qida istehsalı müəssisələrində gigiyena, sağlamlıq, təhlükəsizliyi təmin etmək məqsədilə qida əsaslı yarana biləcək risklərin, təhlükələrin aradan qaldırılması üçün şərtləri özündə birləşdirən yüksək səviyyəli standartdır".

Qeyd edək ki, 2001-ci ildən fəaliyyət göstərən "Ulduz" Şokolad Fabriki yerli bazarla yanaşı Orta Asiya, Rusiya, Gürcüstan, Ərəb ölkələri kimi xarici bazarlarda da qənnadı bazarı üzrə böyük nüfuz qazanıb. Fabrik nəinki Azərbaycanda, bütün Qafqazda ən böyük və ən çox istehsal gücünə sahib olan şokolad fabriklərindən biridir.

Mehriban Mirzəzadə
Fins.az