Biz, proqram həllərinin satışı ilə yanaşı, həmçinin, texniki konsultasiya, təlim-tədris və pilot layihələr həyata keçiririk.
Bunu Fins.az-a açıqlamasında “MONT MMC” şirkətinin baş direktoru Günel Səfərəliyeva idarə etdiyi şirkətin xidmətləri barəsində danışarkən deyib.
G.Səfərəliyeva xidmətlərinə olan marağın səbəblərini izah edib:
“Fəaliyyət göstərdiyimiz dövr ərzində, müştəri və tərəfdaşlarımızın bizə göstərdiyi marağa səbəb - geniş çeşidə malik məhsul portfelimizin olması, tərəflərlə daimi ünsiyyət quraraq layihələrin mərhələli şəkildə icra edilməsi, quraşdırılan həllərin düzgün işləməsi ilə bağlı mütəmadi monitorinqlərin aparılması, operativ koordinasiya olunan əməkdaşlarımızın beynəlxaq sertifikatlara sahib olması ilə bağlıdır”.
Baş direktor təqdim etdikləri xidmətlərin sahibkarlara nə kimi üstünlük yaratdığı ilə bağlı qeyd edib ki, biz müştərilərə geniş çeşidə malik həllərlə təmin edirik:
“İnformasiya Texnologiyaları üzrə məhsul portfelimiz biznesin demək olar ki, bütün sahələrini əhatə edir. Buraya Dövlət qurumları, kommersiya şirkətləri, bank və maliyyə sektoru, həmçinin, neft, qaz və sənaye sektorları aiddir. Təmin etdiyimiz həllər arasında antivirus, kibertəhlükəsizlik, bulud, backup və bərpa həlləri, maliyyə və biznesin idarəolunması, qrafik dizayn, arxitektura, üztanıma sistemləri və digər istiqamətlər vardır. Təcrübəli texniki ekspertizada fəaliyyət göstərən mütəxəssislərin hesabına yerli sahibkarların müxtəlif tip problemlərini həll edirik. Bununla da dünyanın tanınmış vendorlarının həllərini yerli şirkətlərə əl çatan edərək, müştərilərimizə müasir proqram təminatından bəhrələnməsi üçün şərait yaradırıq”.
“MONT” şirkətinin xidmətlərinin tarif mexanizminə də aydınlıq gətirən G.Səfərəliyeva vurğulayıb ki, son mərhələdə müştərilər üçün qiymət təklifləri vendorun təqdim etdiyi qiymət cədvəli ilə müəyyən olunur:
“Müştərinin tələblərindən asılı olaraq layihədə iştirak edən proqram məhsulları son müştəriyə icarəyə (abunəyə) verilir və ya ömürlük istifadə üçün daimi lisenziyalar şəklində təmin edilir. Məhsullarımızı əldə etmiş sahibkarlar məhsulun istifadə müddəti ərzində əməkdaşlarımız tərəfindən monitorinq olunur, qarşı tərəfdə suallar yarandığı halda dəstək göstərilir. Yerli mütəxəssislərdən əlavə məhsullara cavabdeh olan xarici şirkət ekspertlərinin layihəyə cəlb olunması istisna deyil”.
Məlumat üçün bildirək ki, “MONT MMC” şirkəti Azərbaycanda fəaliyyət göstərən ən böyük proqram təminatı distributorlarından biridir.
Məhəbbət Məmmədov
Fins.az