BİZNES

05 Noyabr

Bu bizneslər sürətlə müştəri itirir - AÇIQLAMA

Azərbaycanda postpandemiya dövründə iaşə sektoru üçün yeni eranın başlandığını açıq şəkildə deyə bilərik.

Bunu Fins.az-a açıqlamasında “Başkent” restoranlar şəbəkəsinin marketinq direktoru Ramin Fərəcullayev Azərbaycandakı iaşə obyektlərinin fəaliyyətini dəyərləndirərkən deyib.

R.Fərəcullayev bildirib ki, son bir neçə ildə sürətlə böyüyən və ya tam əksinə, kiçilən, bağlanan biznes obyektlərinə rast gəlirik:

"Alıcıların, eləcə də biznes sahiblərinin prioritetlərinin sürətlə dəyişdiyini müşahidə edirik. İaşə sektoru istənilən ölkə iqtisadiyyatının ən aktiv və sürətlə yenilənən, inkişaf edən sahəsidir. Bu sektor həmçinin dünyada baş verən böhranlara ən operativ şəkildə reaksiya verə bilmək və çevik dəyişiklik etmək gücünə sahibdir".

Azərbaycanda bizneslərdə şəbəkələşmə və markalaşmaya diqqətin artdığını müşahidə etdiyini deyən R.Fərəcullayev, qeyd edib ki, eyni zamanda bu proses rəqabətin yüksəlməsinə və xidmət keyfiyyətinin artmasına müsbət təsir edib:

"İdarəetməsini optimallaşdırmayan və inkişafdan geri qalan bizneslərin sürətlə müştəri itirdiyini və kiçildiyini görə bilərik. Təqdim edilən məhsulun vizual görüntüsünün, qablaşmasının və biznes obyektinin interyerin müasir memarlıq üslubunda olmasının əhəmiyyətli dərəcədə önəmi artmışdır”.

Marketinq direktoru restoranlarda tariflərin hansı mexanizmlə hesablandığına da aydınlıq gətirərək qeyd edib ki, restoranlarda qiymət xüsusi tarif cədvəli əsasında müəyyənləşməsə də, rəqabətli bazar mexanizmi bu sahədə öz əhəmiyyətli rolunu oynayır:

“Qiymətlər əsasən qida və qeyri-qida xərclərinin toplanması metodu ilə təyin olunur. Qidaların hazırlanmasında yüksək keyfiyyətli məhsullardan istifadə, komandanın peşəkar mütəxəssislərdən ibarət olması, obyektin şəhərin hansı zonasında yerləşməsi menyu qiymətlərinin təyin olunmasında rol oynayır. Qiymətin yüksək və ya aşağı olması nisbi anlayış olsa da, eyni adlı bir yeməyin müxtəlif restoranlarda müxtəlif qiymətə olduğunu görə bilirik. Markalaşma səviyyəsi və xidmət keyfiyyəti yüksək olan restoranlar cari statusunu və müştəri seqmentini qoruyub saxlamaq üçün bəzən bazar qiymətindən yüksək qiymət təyin edə bilirlər. Həmçinin ölkəmizdə qida və xidmət keyfiyyəti yüksək olmayan ekonom kateqoriyada xidmət edən böyük müştəri kütləsinə malik olan restoranlar da az deyil”.

Məhəbbət Məmmədov
Fins.az