BİZNES

08 Noyabr

Mətbəədə qiymətlər necə hesablanır? - AÇIQLAMA

Koorporativ şirkətlər öz məhsullarını bir dövr ərzində sifariş edirlər. Burada əsasən vaxt hesablanır ki, hansı məhsul hansı zaman aralığında onlara çatdırıla bilər. Daha çox mətbəə tələbatı olan şirkətlər əlavə sifariş verərək özləri üçün ambarda stok saxlayırlar.

Bunu Fins.az-a açıqlamasında koorporativ şirkətlərin çap-mətbəə məhsullarına olan tələbatını necə ödəməsi ilə bağlı danışan “Şərq-Qərb” nəşriyyat evi və mətbəəsinin kommersiya departamentinin direktoru Xilqət Əsədov deyib.

X.Əsədov çap-mətbəə məhsullarında tariflərin hansı mexanizmə uyğun olaraq hesablandığı ilə bağlı da danışıb. Onun sözlərinə görə, maya dəyəri hər bir mühasibatlıqda necə hesablanırsa, mətbəədə də həmin formada hesablanır:

“Material, əmək haqqı, vergilər, komunal xərclər və s. kimi nə xərc varsa-hamısı hesablanır. Bunların üzərinə marja əlavə olunur. Marja da fərqli tətbiq oluna bilir. Kimi 30 faiz, kimi 50 faiz, kimi də 70 faiz olaraq tətbiq edir. Qutularda isə marjalar daha az əlavə olunur (10%-20%). Bizim şirkətin xüsusi sistemi var ki, orada məlumatlar qeyd olunur və qiymət özü avtomotik olaraq hesablanır”.

Koorporativ müştərilərin əsas müraciət etdiyi xidmətlərdən birinin promo məhsullar olduğunu söyləyən X.Əsədov qeyd edib ki, mətbəələrdə qutular, çantalar və paketlər çox böyük yer alır:

“Biz əsasən kağız üzərində olan məhsulları çap edirik. Koorporativ müştərilər bizdən daha çox kitab, katoloq, jurnal, buklet, flayer, çanta, stiker, poster və s. məhsullar sifariş edirlər”.

Qeyd edək ki, 35 ildir xidmət göstərən “Şərq-Qərb” nəşriyyat evi və mətbəəsi hazırda müəssisədə nəşriyyat və poliqrafiya sahəsində Azərbaycanda və xaricdə təhsil almış təcrübəli, yüksək ixtisasa malik mütəxəssislər çalışırlar.

Məhəbbət Məmmədov
Fins.az