BİZNES

29 Oktyabr

Made in Azerbaijan adı altında xaricə keyfiyyətli məhsullar çıxaracağımıza ümid edirik – Orxan Savaş

“Elbaer” şirkətinin icraçı direktoru Orxan Savaşın Fins.az-a müsahibəsi.

- Şirkət haqqında məlumat verərdiniz. Şirkətinin əsas iş prinsipi və xidmətləri nədir?

- Şirkətimiz 2015-ci ildən “Meridian” şirkətinin tabeçiliyində fəaliyyətə başlayıb. Tibb sahəsində birdəfəlik istifadə olunan məhsulların (maskaların, qaloşların, baxılların və s.) istehsalı ilə məşğuluq. Dövriyyəmiz artdığı üçün biz ayrılmaq qərarına gəldik. 2021-ci ildən artıq öz ad və öz brendimiz ilə - “Elbaer” adı altında fəaliyyətə başladıq və əksər bazarlarda böyük rol almağa başlamışıq.

- Pandemiyadan sonra tibbi maskalar, qaloşlar və digər birdəfəlik istifadə olunan ləvazimatlara təlabat azalmağa başladı. Hazırkı vəziyyəti necə dəyərləndirisiniz?

- Pandemiyya dövründə bir çox şirkət mənfi təsirlər ilə qarşılaşdı. Biz və bizim kimi şirkətlər biraz müsbət nəticələr əldə etdi. Buna səbəb isə bizim məhsullara tələbatın artması idi. Hətta maska istehsalı ilə məşğul olan şirkətlər bazarın tələbatını qarşılamaqda çətinlik çəkirdi. Pandemiya dövründə satışlarda 5-6 dəfə və daha çox artım oldu. Təbii ki, pandemiyadan sonra tələbat azalmağa başladı.

- Məhsulların xammalını xarici ölkələrdən, yoxsa yerli şirkətlərdən alırsınız? Xammalın idxal-ixrac prosesi məhsullarınızın tariflərinə təsir mexanizmi necə formalaşır?

- Həm daxili, həm də xarici bazardan xammal tədarük edirik. Xaricdən idxal edilən mallarda üstünlüyü daxili bazarda olmayan məhsullara veririk. Daxili bazarda xammal istehsal olunursa və qiymətidi də qənaətbəxşdirsə, çalışırıq ki, Azərbaycanda istehsal olunan məhsullardan istifadə edək. Çox təəssüf ki, xammalın 60-70 faizi xaricdən gəlir. Xaricdən gələn xammalın keyfiyyətli və standartlara uyğun olmasına önəm veririk. Onlar testlərdən keçirilir, labarator testlərinin nəticələrini tələb edirik. Yalnız İSO Sertifikatına sahib olan şirkətlərdən xammal ixrac edirik. Həmin şirkətlərin keyfiyyətə nəzarət sistemləri olmalıdır. Təbii ki, bunu tək biz yox, bizim qanunvericilik də tələb edir. Sırf bizim sahədə gigiyenik sənədləri tələb olunur. Bundan əlavə, biz hər bir istifadə etdiyimiz malları testlərdən keçirməyə məcburuq.

- Xaricdən idxal prosesində hansı ölkələr və hansı şirkətləri ilə əməkdaşlıq edirsiniz?

- Əsasən Rusiya, Türkiyə və Çin ilə əməkdaşlığımız var. Bəzi məhsulların istehsalında kağız istifadə edirik ki, bunu Rusiyadan idxal edirik. Keçən illərdə kağız qiymətlərində artım oldu. Bunun nəticəsində istəmədəndə olsa, qiymətlərdə artım oldu. Hətta bir ara Rusiya müharibə və başqa səbəblərdən satışı dayandırdı. Biz də Türkiyə bazarına yönəldik. Hal-hazırda normallaşma gedir və yenidən Rusiya bazarından kağız almağa çalışırıq.

- Qeyd etdiyiniz proses məhsulun qiymətinə necə təsir edir, ümumiyyətlə tarif məsələsi necə tənzimlənir?

- Azərbaycanla bir neçə ölkə arasında müqavilə var. Həmin ölkələrin istehsalı olan məhsullarda bəzi rüsumlardan azad oluruq. Buna əsasən Rusiya və bir neçə ölkədən aldığımız xammal bizim üçün daha ucuz qiymətə başa gəlir. Təəssüf ki, Türkiyə ilə belə bir müqavilə yoxdur. Bu xərclərdən əlavə lojistik xərclər və öngörülməyən xərclər olur. Xammal çox zaman sifariş verildiyi qədər ortaya çıxmır. Bunlardan başqa,  labaratoriya xərcləri və başqa amillər qiymətlərə təsir edir. Bütün bunların cəmində məhsulun dəyəri müəyyən olunur.

- Müəyyən olunan qiymət yerli bazar daxilindəki qiymətlərlə uzlaşırmı?

- Bizim istehsal etdiyimiz malların bazarda satışında qiymətinə qadağa qoyulası bir amil yoxdur. Pandemiya dövründə xaricdən gətirilən maskalara bir rüsüm qoyulmuşdu ki, bu da istehsalatçılara dövlətin bir dəstəyi idi. Çox insan burada istehsalı ola-ola xaricdən maska gətirirdi. Bu da bizim satışlara təsir edirdi. Gömrükdə hər bir maskaya qoyulan 3 qəpik rüsum xaricdən gələn maskaların önünü kəsdi. Bu, bizə bir şans tanıdı ki, ölkədə tanınaq, bazarda yer tutaq.

- Məhsulların keyfiyyət göstəriciləri necə müəyyən olunur?

- Hər məhsulun özünə aid standartı var. Ən vacib məsələ xammalın alışında onların öz daxilində etdiyi testlərdir. Xammal testlərdən uğurla keçdikdə, istehsal üçün ölkəyə gətirilir. İstehsal olunan məhsulların nümünəsini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Mərkəzinə veririk, orada sınaqdan keçirilir və Avropa standartlarına, yeni standartlara uyğundursa, nəticədə bizə “Rəy” verilir.

- Beynəlxalq əlaqələr baxımından nə kimi işlər görülür?

- Hal-hazırda İSO Sertifikatının alınması üçün səy göstəririk. Artıq proses başa çatır. Bu sertifikatları almaqda məqsədimiz odur ki, yaxın bir il ərzində İspaniya, Türkiyə, Rusiya və başqa ölkələrin şirkətləriylə əməkdaşlığa başlamağa çalışacağıq. Artıq bunun üçün sorğular almağa başlamışıq və bu şirkətlərdən satış edə bilməyimiz üçün İSO Sertifikatına sahib olmalıyıq. 2024-cü il üçün hədəfimiz ilk satışımızı gələn ilin mart-may ayları arasında Rusiya şirkətləriylədir. Çox ümidvarıq ki, “Made in Azerbaijan” adı altında xaricə keyfiyyətli məhsullar çıxaracağıq və dünya bazarına çatdıracağıq ki, Azərbaycanda da belə keyfiyyətli məhsullar və şirkətlər var. Gələn il Rusiyada ya da Dubayda beynəlxalq sərgilər təşkil olunsa, orada iştirak etməyə çalışacağıq.

Keçən il noyabr aylarında “Medinex” tibb sahəsi üzrə sərgi keçirildi. Biz orada ilk dəfə iştirak etdik. Səhiyyə naziri də gəlib bizim stendi gördü, bizimlə tanış oldu.

- Şirkətin bu ilin III rübündə maliyyə göstəriciləri haqqında nə deyə bilərsiniz?

- Keçən ilin anoloji rübü ilə indiki maliyyə nəticələri arasında 20-30 faiz artım müşahidə olunur. Artıma səbəb olan amillərdən biri bu il daha çox ölkə ərazisində brendimizi tanıtmağa üstünlük verməyimizdir. Həm keyfiyyət, həm də ödəniş şərtləri, həm də ki dəqiqliyimiz nəticəsində satışlarda artım əldə edirik.

Fuad Mədətov
Fins.az