BİZNES

23 Oktyabr

Dövlət büdcəsinə köçürülmüş gömrük rüsumlarının məbləği - QRAFİK

1998-ci ildə dövlət büdcəsinə köçürülmüş gömrük rüsumlarının məbləği 72 milyon ABŞ dolları təşkil etdiyi halda, 2008-ci ildə bu rəqəm 4,2 dəfə artaraq 304 milyon ABŞ dolları, 2022-ci ildə isə 11,6 dəfə artaraq 835 milyon ABŞ dolları təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təsis edilən “İqtisadi İslahatlar” jurnalının 7-cı sayında məlumat verilib.

1998-2022-ci illər üzrə büdcə gəlirlərində gömrük rüsumlarının payı və dövlət büdcəsinə toplanmış gömrük rüsumlarının statistikası aşağıdakı kimidir:

Son illərdə gömrük ödənişlərinin həcminin və büdcədəki payının artmasını son zamanlarda ölkədə həyata keçirilən kompleks islahatların nəticəsi kimi qiymətləndirmək mümkündür. Belə ki, icra edilmiş və icrası davam edən işlər nəticəsində aşağıdakı tədbirlərin reallaşdırılması mümkün olub:

1) Malların gömrük dəyərinə nəzarətin gücləndirilməsi və bu sahədə avtomatlaşdırılmış mexanizmin formalaşdırılması;
2) Gömrük-tarif dərəcələrinin optimallaşdırılması və təkmilləşdirillməsi;
3) Bəyannaməçilər tərəfindən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodların yanlış bəyan edilməsi hallarının aradan qaldırılması;
4) Gömrük ödənişlərindən yayınmalar üzrə sui-istifadələrin aradan qaldırılması;
5) Azərbaycan Respublikasının sərbəst ticarət sazişləri bağladığı ölkələrdən idxal edilən malların preferensial mənşə sertifikatlarına münasibətdə nəzarətin gücləndirilməsi;
6) Gömrük rəsmiləşdirilməsi əməliyyatlarının tam elektronlaşdırılması;
7) Qanunvericilik bazasının təkmilləşdirilməsi, həmçinin metodiki vəsaitlər və tövsiyələrin hazırlanması.

Yekun olaraq qeyd edə bilərik ki, Azərbaycan Respublikasında gömrük-tarif tənzimlənməsi milli iqtisadi təhlükəsizliyi təmin edən əsas alətlərdən biri hesab edilərək büdcə gəlirlərinin mühüm hissəsinin formalaşdırılması ilə yanaşı, yerli istehsal sahələrinin mühafizəsi və onları rəqabət qabiliyyətli olması baxımından böyük əhəmiyyət kəsb etməklə “Made in Azerbaijan” brendi altında istehsal edilmiş malların ixracının stimullaşdırılmasına və ölkə daxilində yeni iş yerlərinin yaradılmasına təkan verir. Bu xüsusda xarici ticarət saldosunun müsbət olmasının təmin edilməsi ilə yanaşı, qeyri-xammal ixracatının artırılması da prioritet istiqamət hesab edilir.

Fuad Mədətov
Fins.az