HR.AZ şirkətinin direktoru Züleyxa Babayevanın Fins.az-a müsahibəsi.
- HR.AZ şirkəti barədə məlumat verərdiz. Şirkətin əsas iş prinsipi və xidmətləri nədir?
- HR.AZ şirkəti 2023-cü ildə “FINCO GROUP” MMC-nin bir qolu olaraq qeydiyyata alınmağına baxmayaraq artıq 50+ üzərində şirkətlərə İnsan Resursları sahəsində autsorsinq xidməti göstərir. Şirkətimiz güvən, etibar və işlərin real zamanlı icra olunması prinsipini rəhbər tutaraq öz müştərilərinə xidmət göstərir.
- HR (HR sözü ingilis dilində olan “Human Resources” ifadəsinin qısaldılmış formasıdır) sahəsində həm işəgötürənlər, həm də işçilərin əsas maraqları nədir? İş zamanı qarşılıqlı anlaşılmanın müsbət nəticələnməsi üçün nə etmək lazımdır?
- İşəgötürənin əsas marağı müəssisədə işin dəqiq, şəffaf və problemsiz səkildə davam etməsidir. İşçinin isə marağı çalışdığı müəssisədə yaxşı əmək haqqı alması və karyera yüksəlişidir. İş insanın maddi və mənəvi ehtiyaclarının qarşılanması baxımından çox böyük əhəmiyyət kəsb edir. İlk görünüşdə çalışmaqda yeganə məqsəd pula olan tələbatın ödənilməsi kimi görünsə də, zaman keçdikcə işin, fərdin həyatındakı sosial təsiri daha qabarıq formada özünü göstərməyə başlayır. Digər bir tərəfdən iş insanın ən az gününün 8 saatını keçirdiyi bir yerdir. Nəzərə alsaq ki, bu əksər hallarda 8 saatdan xeyli çox olur və eyni zamanda hər bir insan təhlükəsiz və rahat şəraitdə yaşamaq və çalışmaq istəyir, onda bu amilləri də işçiləri şirkətə bağlayan amillər sırasına qatmaq olar.
- Sahibkarların kadr məsələsində yaşadıqları problemlər nələrdir?
- Sahibkarlar yaxşı kadr tapa bilməməklərindən daim gileylənirlər. Kadr seçimi mürəkkəb bir prosesdir. Şirkətlər adətən daha çox təcrübəli, dil bilikli və müxtəlif digər kriteriyalara sahib işçilər seçməkdə maraqlı olurlar. Bu isə kadr axınına səbəb olan əsas amillərdən biridir. Çünki qeyd edilən kadrın şirkətdən tələbləri də digər təcrübəsiz və az təcrübəli işçilərə münasibətdə daha çox olur və müəyyən müddətdən sonra şirkətlər bu tələbləri qarşılamaqda maraqlı olmur və ya qarşılaya bilmirər və belə kadrların şirkəti ilkin fürsətdə dəyisməklərinə səbəb olurlar. Tələblər dedikdə, yalnız maddi imkanlardan söhbət getmir. Bu baxımdan şirkət, əgər uzun müddət təcrübəli kadrın istəklərini qarşılama gücündə deyilsə, əvvəlcədən şirkətə uyğun kadrların seçilməsində maraqlı olmalıdırlar. Məsələn, sizin şirkətiniz qısa müddətdə işçiyə ciddi karyera imkanları vəd etməyən kiçik bir şirkətdirsə, siz müxtəlif vədlər verərək xaricdə təhsil almış, təcrübəli və dil bilikləri olan bir kadr axtarışında olmamalı, əksinə, vəzifə tələblərinə uyğun kadr axtarışında olmalısınız.
- Azərbaycanda mütəxəssis və yaxud müəyyən bilik-bacarıqlara sahib olan şəxslərin işlə təmin olunmasını qənaətbəxş hesab etmək olarmı?
- Bildiyiniz kimi, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Dünya Bankının maliyyə dəstəyi ilə “Azərbaycanda Məşğulluğa Dəstək“ layihəsini həyata keçirir. Layihənin məqsədi Dövlət özünüməşğulluq Proqramına dəstək olaraq, Azərbaycanda qeydiyyata alınmış işaxtaran və işsiz şəxslər arasında əmək bazarındakı nəticələrin yaxşılaşdırılmasıdır. Bundan əlavə, ƏMAS platforması işsiz və işaxtaranlar barədə real mənzərəni əks etdirən və daim yenilənən məlumat bazasına malikdir. Vətəndaşlar sistemdə şəxsi kabinetlərini formalaşdırıb, real vaxt rejimində əmək bazarında mövcud olan vakansiyalar barədə məlumat bankına birbaşa çıxış əldə edib, əmək bacarıqlarına uyğun münasib işlərlə tanış olub və məşğulluq mərkəzlərinə müraciət etmədən münasib işlərə istənilən vaxt elektron qaydada müraciət etmək hüququ əldə edir.
- Qeyd olunan məsələlərdə şirkət olaraq sahibkarlara necə dəstək olursuz?
- Hər bir müəssisənin ən önəmli kapitalı onun peşəkar komandasıdır. “HR.AZ” komandası Biznesi idarə edən şəxslərə insan resurslarını effektiv şəkildə istifadə etmək, rəhbərlərin işçilərə standart və şəffaf yanaşmasını təmin etmək üçün məsləhət və tövsiyələr verir.
- Şirkətin hədəfləri və gələcək planları nədir?
- “HR.AZ”olaraq ilk hədəfimiz müştəri məmnuniyyəti, sahibkarlığa dəstək olmaq, ən qabaqcıl HR metod və texnikaları ilə şirkətlərə güc qazandırmaqdır.
Fuad Mədətov
Fins.az