KOBİA tərəfindən bizneslərə göstərilən dəstək istiqamətlərindən biri də bazarlara çıxışın genişləndirilməsi üçün onların müxtəlif sərgi və yarmarkalarda iştirakının təmin edilməsidir. Bugünədək 1300-ə yaxın sahibkarlıq subyekti KOBİA tərəfindən təşkil olunan 50-ə qədər sərgidən faydalanmışdır.
Fins.az xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov yerli şirkətlərin “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” adlı tanıtım sərgisində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın 3 fərqli bölgəsində fəaliyyət göstərən KOB Evlərimiz "one-stop shop" formatında "G2B" və "B2B" xidmətlər göstərməkdədir:
“2023-cü ilin yanvar ayında möhtərəm Prezident cənab İlham Əliyevin iştirakı ilə geniş funksional və texniki imkanlara malik Bakı KOB Evinin açılışı oldu. Bu ölkə rəhbərliyinin sahibkarlığın inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Qarşıdakı dövrlərdə işğaldan zad olunmuş ərazilərimiz də daxil olmaqla digər regionlarda növbəti KOB evlərini sahibkarların istifadəsinə verməklə onların əhatə dairəsini genişləndirəcəyik”.
O.Məmmədov onu da qeyd edib ki, hazırda ölkənin 41 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları yeni sahibkarlıq subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini yerində təmin edir:
“Bilik və bacarıqlara çıxışın təşviqi məqsədilə Bakıda və regionlarımızda KOB İnkişaf Mərkəzləri istifadəyə verilmişdir. Bu mərkəzlərdə təlimlər, məsləhət və şəbəkələşmə üzrə xidmətlər ödənişsiz əsasda həyata keçirilir”.
Fuad Mədətov
Fins.az