2022-ci ilin dövlət büdcəsindən beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər üçün 170,2 milyon manat məbləğində vəsait istifadə edilib.
Fins.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.
Qeyd edilib ki, 2022-ci ilin dövlət büdcəsindən beynəlxalq və regional təşkilatlara üzvlük haqqı üzrə xərclər (BMT sisteminə aid olan qurumlar, proqramlar və konvensiyalar, İslam Əməkdaşlıq Təşkilatı və onun qurumları, Müstəqil Dövlətlər Birliyi təşkilatları və digər beynəlxalq təşkilatlar) 17,9 milyon manat, beynəlxalq və regional maliyyə institutlarının səhm kapitalında iştirakla bağlı öhdəliklər üzrə xərclər (Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyasına ödənişlər) 8,0 milyon manat təşkil edib. 2022-ci ilin dövlət büdcəsindən beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər üçün 170,2 milyon manat məbləğində vəsait istifadə edilib (keçirilmiş tədbirlər - Dünya Azərbaycanlılarının V Qurultayı, “Xarıbülbül Beynəlxalq Musiqi Festivalı”, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin iclası, Bakı və Şuşa şəhərlərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual Şuralarının 1-ci Forumunun və həmin forum çərçivəsində TDT-nin Media Əlaqələndirmə Komitəsinin 2-ci iclası, “Formula 1” Azərbaycan Qran-Pri yarışı, Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi ilə bağlı hazırlıq işləri, “Teknofest” festivalı, 9-cu Qlobal Bakı Forumu, Venesiya Biennalesi tərəfindən təşkil olunan 59-cu Beynəlxalq İncəsənət Sərgisində iştirak, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Bədən Tərbiyəsi və İdman üzrə Məsul Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin 7-ci Beynəlxalq Konfransının keçirilməsinə hazırlıq işləri üçün UNESCO-ya ayrılmış vəsait, “Vaqif Poeziya Günləri” tədbiri, Qoşulmama Hərəkatının Gənclər Sammiti, 12-ci Azərbaycan-Rusiya Regionlararası Forumu, 14-cü “Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı”, Vokalçıların Bülbül adına 8-ci beynəlxalq müsabiqəsi, 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının 20 illiyinə həsr edilən beynəlxalq konfransı, Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO) Şurasının sessiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 24-cü İllik Toplantısı, 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Konfransı, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 28-ci iclası, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantısı, “Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nəqliyyat magistralları və Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri – qarşılıqlı bağlılıq və birgə əməkdaşlıq üçün əsas” mövzusunda konfrans və bir sıra xarici ölkələrdə beynəlxalq konfranslar və sərgilər).
2022-ci ilin dövlət büdcəsində beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər üzrə 30,5 milyon manat məbləğində vəsait istifadə edilib (UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının fəaliyyəti, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım İdarəsinin (Agentliyinin) fəaliyyəti, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) çərçivəsində keçirilən “Sülh naminə tərəfdaşlıq proqramı” və “Fərdi tərəfdaşlığa dair əməliyyat planı” üzrə tədbirlər, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) nümayəndənin ezam olunması ilə bağlı xərclər, Azərbaycan Respublikasının maraqlarının beynəlxalq hüquq çərçivəsində qorunması tədbirləri, Suriya Ərəb Respublikasından Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası ilə bağlı xərclər, Rusiya Federasiyasının Moskva şəhərində yerləşən Azərbaycan Respublikasının Sərgi-Ticarət Mərkəzinin saxlanılması, UNESCO ilə əməkdaşlıq çərçivəsində fəaliyyəti, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) üzrə Azərbaycan Respublikası Milli Komissiyasının fəaliyyəti, Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna 2022-ci ilin yanvar-aprel ayları ərzində sədrliyi dövründə tədbirlərin keçirilməsi, ən az inkişaf etmiş və kiçik ada dövlətlərinin BMT-nin İnsan Hüquqları Şurasında iştiraklarına dəstək məqsədilə yaradılmış Könüllü Texniki Yardım üzrə Etimad Fonduna maliyyə yardımının göstərilməsi, “Dubay Expo-2020” sərgisində quraşdırılmış Azərbaycanın milli pavilyonunun saxlanılması, Bakı İnzibati Məhkəməsinin hakimi Fərid Mədətlinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Katibliyinə ezam olunması ilə bağlı xərclər).