BİZNES

10 Mart

Dövlət Xidməti və \"Caspian Energy Club\"un birgə təşkilatçılığı ilə B2G forumu keçirilib

Ölkədə rəqabət mühitinin təmin olunması, dövlət satınalmaları sahəsində şəffaflığın artırılması, keyfiyyət infrastrukturunun inkişafı, istehlakçı hüquqlarının qorunması və müvafiq sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb.

Bu barədə dövlət xidmətindən Fins.az-a məlumat verilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və “Caspian Energy Club”un birgə təşkilatçılığı ilə B2G (Biznesdən Dövlətə) forumu keçirilib. Dövlət və özəl şirkətlərin 120-dən çox nümayəndəsinin qatıldığı forumda Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli iştirak edib.

Dövlət Xidmətinin rəisi iştirakçıları qurumun fəaliyyət istiqamətləri barədə məlumatlandırıb. Qeyd edilib ki, ölkədə rəqabət mühitinin təmin olunması, dövlət satınalmaları sahəsində şəffaflığın artırılması, keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi və istehlakçı hüquqlarının qorunması sahəsində əhəmiyyətli işlər görülüb, geniş maarifləndirmə işləri aparılıb. Azərbaycanda yeni Rəqabət Məcəlləsinin layihəsinin hazırlandığı görüş iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd olunub ki, bu Məcəllənin qəbul edilməsi Azərbaycanda rəqabət mühiti və azad sahibkarlığın daha da inkişafına təkan verəcək.

“Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Məmməd Abbasbəyliyə klubun fəxri üzvü sertifikatını təqdim edərək dövlət qurumu ilə klub arasında açıq dialoq və əməkdaşlığın genişləndirilməsində yaradılan imkana görə təşəkkürünü bildirib.

Tədbirdə iştirakçıların təklifləri dinlənilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Sonda “Caspian Energy Club”a yeni üzv olan şirkətlərin nümayəndələrinə sertifikatlar təqdim edilib.