BİZNES

12 Dekabr

Qarabağ və Şərqi Zəngəzurun inkişafına sərmayə qoyuluşu 1,9 milyard manat təşkil edib

2022-ci ilin yanvar-sentyabr aylarında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına yatırılmış investisiyaların ümumi həcmi 1 milyard 920 milyon 697,3 min manat təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,1 dəfə çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə Qarabağ iqtisadi rayonuna investisiyalar 805 milyon 146,8 min manat (artım 39,4%) təşkil edib ki, bunun da 784 milyon 852,9 min manatı (artım 40%) tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Ən çox investisiya - 298 milyon 908,5 min manat (Qarabağ üzrə bütün investisiyaların 37,1%-I, artım 0,2%) Füzuli rayonuna yatırılıb. Daha sonra Şuşa rayonu (168 milyon 428,6 min manat) və Xocavənd rayonu (131 milyon 411,9 min manat) gəlir.

2022-ci ilin yanvar-sentyabr aylarında Şərqi Zəngəzur iqtisadi rayonu üzrə əsas kapitala 1 milyard 115 milyon 550,5 min manat vəsait (artım 3,5 dəfə) yönəldilib ki, bunun da 1 milyard 113 milyon 540,5 min manatı (artım 3,5 dəfə) tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Qeyd olunan vəsaitin böyük hissəsi - 353 milyon 236,8 min manat Zəngilan rayonuna (artım 4,3 dəfə) yatırılıb. Daha sonra Cəbrayıl rayonu (328 milyon 43,8 min manat) və Kəlbəcər rayonu (201 milyon 591,8 min manat) gəlir.

Xəbər verildiyi kimi, 2022-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala 10 milyard 154 milyon 448,5 manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4.6% çox vəsait yönəldilib