BİZNES

01 Dekabr

Azərbaycanda telefonların IMEI nömrəsini dəyişənlər külli miqdarda cərimələnəcəklər

Azərbaycanda telefonların IMEI nömrəsinin dəyişdirilməsi və surətinin köçürülməsi qadağan edilir.

Bununla bağlı “Telekommunikasiya haqqında” qanuna dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən, sellülar (mobil) xidmətlərdən istifadə ilə əlaqədar, mobil cihazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeydiyyatı aparılmalıdır. Mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın IMEI nömrəsinin (tək və bənzərsiz olaraq yaradılmış beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrə) dəyişdirilməsi və ya surətinin köçürülməsi, habelə mobil operator tərəfindən IMEI nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (IMEI nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsi qadağan edilir.

Həmçinin telefonların IMEI nömrəsini dəyişənlər on iki min manat cərimə ediləcəklər.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 368-1-ci maddə (Mobil cihazın IMEI nömrəsinin dəyişdirilməsi və ya surətinin köçürülməsi) əlavə olunur.

Yeni maddəyə əsasən, mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın IMEI nömrəsinin dəyişdirilməsinə və ya surətinin köçürülməsinə görə fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər 3 000 manatdan 4 000 manatadək məbləğdə cərimə ediləcəklər.

Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 600 manatdan 800 manatadək, vəzifəli şəxslər 2 000 manatdan 2 500 manatadək, hüquqi şəxslər 9 000 manatdan 12 000 manatadək məbləğdə cərimə olunacaqlar.

Qanuna dəyişiklik layihəsi qəbul olunacağı təqdirdə 2023-cü ilin aprelin 1-dən qüvvəyə minəcək.