“Dünyada mövcud ərzaq qıtlığı və ərzaq böhranı təhdidləri nəzərə alınaraq, ölkənin ərzaq təhlükəsizliyi xərclərinə mühüm əhəmiyyət verilib”.
Fins.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, cari illə müqayisədə bu istiqamətə büdcədən 20%-dən çox vəsait ayrılması nəzərdə tutulur: “Dövlət başçısının daim qayğısı ilə əhatə olunan sosialyönümlü xərclərə də yenə cari illə müqayisədə çox vəsait ayrılıb. Son 5 ildə sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərində xüsusi çəkisi 13,9% artıb. Bildiyiniz kimi, növbəti ildə yaşayış minimumu ilə ehtiyac meyarının məbləğləri də bərabərləşdirilir”.