BİZNES

01 Avqust

“AzInTelecom” MMC-nin yeni inşa etdiyi Data Mərkəzi “TİER III” infrastruktur sertifikatı alıb

Dünya Bankının maliyyə dəstəyi ilə Ədliyyə Nazirliyi və “AzInTelecom” MMC-nin əlaqəli fəaliyyəti nəticəsində Bakı şəhərində yeni yaradılmış məlumat mərkəzi “Uptime İnstitute” tərəfindən “TİER III” Beynəlxalq dayanıqlılıq və etibarlılıq keyfiyyət standartları üzrə sertifikatlaşdırılıb.

"Fins.az" xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-yə məxsus genişləndirilmiş “AZCLOUD” Əlçatanlıq Zonasında (Data Mərkəzi) yerləşən bu məlumat mərkəzində Ədliyyə Nazirliyinin bütün elektron informasiya resurslarının, o cümlədən “Elektron məhkəmə” sisteminin texniki-texnoloji infrastrukturunun dayanıqlı fəaliyyəti təmin ediləcək.

“Tier III” Beynəlxalq sertifikatına malik olan əlçatanlıq zonalarının bütün kritik infrastruktur sistemlərini xüsusi rejimdə rezervləməklə, hətta avadanlığa texniki baxış və ya təmir zamanı belə fasiləsiz fəaliyyət göstərməsi müasir rəqəmsal xidmətlərin dayanıqlılığının təmin edilməsinə imkan verəcək. Ən son avadanlıqlarla təchiz olunmuş Data Mərkəzinin infrastrukturu “Uptime İnstitute” tərəfindən keçirilmiş stress-testlərdə etibarlılıq və dayanıqlılıq meyarları əsasında 99.982% keyfiyyət səviyyəsi nümayiş etdirib. Bu göstəricilər isə il ərzində ümumi boşdayanma ehtimalı müddətinin 1.6 saatdan artıq olmaması deməkdir.

Bundan başqa, enerjidən istifadənin optimallaşdırılması, enerji mənbələrinin idarə edilməsi və enerji paylaşdırıcı avadanlıqlar sayəsində ətraf mühitə tam zərərsiz məlumat mərkəzi qurmaq mümkün olub.

Sertifikatlaşdırmanın nəticəsi ilə keçid vasitəsilə tanış ola bilərsiniz.

Məlumat üçün bildirək ki, “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Əlçatanlıq Zonasına (Data Mərkəzinə) sahibdir.