2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir, layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir.
Hazırda ölkə üzrə tətbiq edilən onlayn nəzarət-kassa aparatlarının (NKA) sayı 66.339-dur. 2022-ci ilin yanvar-iyun aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10 milyard 636 milyon 507,3 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55,2 faiz çoxdur.
ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün ilk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətlərdən yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb olunmalıdır. Digər məqam satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsi ilə bağlıdır. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.