“Coca-Cola” məhsullarının Azərbaycandakı istehsalçısı “Koka-Kola Bottlers LTD” MMC barəsində məhkəmə iddiası qaldırılıb.
Fins.az-ın məlumatına görə, şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir.
Belə ki, MMC rəhbərliyi xaricdən gətirdiyi xammalın gömrük bəyannaməsini müvafiq orqana təqdim etməyib. Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib olunaraq Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Rauf Əhmədovun sədrliyi ilə baxılacaq. İddia təsdiqini taparsa, şirkət rəhbərliyi cərimə olunacaq.
Qeyd edək ki, “Coca-Cola” içkilərinin Azərbaycandakı istehsalçısı 1996-cı ildən fəaliyyət göstərir. Bundan başqa “Fanta”, “Sprite” və “Bonaqua” içkiləri də məhz həmin şirkət tərəfindən Azərbaycan bazarına çıxarılır.
Xatırladaq ki, şirkət ötən ay da gömrük qanunvericiliyini pozduğu üçün məhkəməlik olmuşdu.
© Qafqazinfo