Xəbər verildiyi kimi, Dövlət Gömrük Komitəsi (DGK) haqqında Əsasnamədə dəyişiklik edilib. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Dövlət Gömrük Komitəsində birinci müavin postunun sayı birdən ikiyə qaldırılıb və Şahin Bağırov DGK sədrinin 1-ci müavini təyin edilib.
Prezidentin digər sərəncamı ilə DGK sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası DGK sədrinin birinci müavini Şahin Bağırova həvalə edilib.
Bəs DGK sədrinin səlahiyyətlərini icra edəcək Şahin Bağırov kimdir?
“Fins.az” onun bioqrafiyası ilə bağlı məlumatları təqdim edir:
1965-ci il təvəllüdlü Şahin Bağırov 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Aqrar Sənaye Kompleks sistemində çalışıb. 1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlayıb və Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb.
Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işi” fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.
2010-cu ildə Azərbaycanın iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Şahin Bağırov 2012-ci ildə Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenı alıb.
O, 2014-cü ilin yanvar ayından 2018-ci ilin iyul ayına qədər Dövlət Gömrük komitəsinin sədr müavini olub.
Şahin Bağırov 2014-ci ilin fevralın 3-də Prezidentin müvafiq sərəncamı ilə ona gömrük xidməti general-leytenantı rütbəsi verilib.