Bu ilin yanvar-iyun aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 495 mln. manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Hesabat dövründə, ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 32 mln. manat və ya 7% artıb.
Cari ilin iyun ayı ərzində mobil rabitə sektoru üzrə əldə olunan gəlirin həcmi ötən ilin eyni ayı ilə müqayisədə 3,9% və ya 3,3 mln. manat artaraq 86,9 mln. manat olub. Bu ilin may ayı ilə müqayisədə isə bu göstərici 2,3% və ya 2 mln. manat artıb.
Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 39,3%-ni təşkil edib.
“Bu ilin yanvar-iyun aylarında ümumilikdə informasiya və rabitə müəssisələri tərəfindən 1260,3 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 76%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri cari yarımildə real ifadədə 14,2% artıb", - komitədən bildirilib.